Prezident, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq tədbirlərdə, o cümlədən xarici ölkələrə səfərlərdə qalib ölkənin Prezidenti kimi qarşılanması hər birimizdə qürur hissi yaradır. Son vaxtlar dövlət başçımızın Brüsseldə, Praqada, Soçidə keçirilən üçtərəfli və dördtərəfli görüşlərdə göstərdiyi yüksək qətiyyət ölkəmizin Cənubi Qafqazda lider dövlət olduğunu bir daha təsdiqlədi.
Bu qələbə Azərbaycanın İslam dövlətləri arasında da nüfuzunun yüksəlməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı zamanı da bunun şahidi olduq.
Dövlətimizin başçısının Sammitdəki çıxışı zaman söylədiyi “Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik” fikri böyük maraqla qarşılandı. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliamı xatırladan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu, dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Çünki Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb və bu da 1,5 milyon insanın ölümü ilə nəticələnib.
Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olduğunu qeyd edən və bizim əməkdaşlığı genişləndirmək istəyimizi ifadə edən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Ölkəmizinbu təşkilata sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri vardır. Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaqdır.
Azərbaycanın ərəb dünyası ölkələri ilə əməkdaşlığının hazırkı durumunun təhlili göstərir ki, Əlcəzair daxilbu əməkdaşlığın genişləndirilməsi,dərinləşdirilməsi və daha yüksək mərhələyə daşınması üçün yetərincə imkan və potensial var.
Aysel Mənsimova – politoloq