“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Ermənistan və Azərbaycanı gücdən istifadə etməməyə və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesinə riayət etməyə çağırıblar.
Vətəninfo.az xəbər verir ki, bu barədə G7-nin bəyanatında deyilir.
“Biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında ləyaqətli və davamlı sülh əldə etmək üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq”, – sənədin mətnində deyilir.
G7 ölkələri münaqişənin daha da genişlənməsinin qəbuledilməz olacağını vurğulayıblar.
G7 üzvləri bütün səviyyələrdə, xüsusən də Avropa İttifaqı və ABŞ tərəfindən müəyyən edilmiş danışıqlar çərçivəsində gələcək konstruktiv təmasları təşviq etməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, G7-yə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ liderləri, eləcə də Avropa İttifaqı daxildir.