Azərbaycan Texniki Universitetinin tələbəsi “Apple” şirkətinin hər il keçirdiyi “Swift Student Challenge” kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.
Vətəninfo.az xəbər verir ki, bunu Azərbaycan internet Forumunun prezidenti Osman Gündüz feysbuk hesabında yazıb.
O.Gündüzün sözlərinə görə, bu yarışma çox spesifikdir, yarışma yalnız “Apple” şirkəti məhsulları üçün nəzərdə tutulan Swift proqramlaşdırma dili üzrə keçirilir:
“Mən bildiyim qədər Azərbaycanda bu tip bacarıqlara sahib olanların sayı barmaqla sayıla bilər. Qalib tələbəmiz şirkətdən rəsmi sertifikat və mükafat qazanıb. “Apple” gəncin mükafatını da poçtla göndərib. Nüfuzlu bir şirkət göndəriş sənədində də göndərilən malın mükafat olduğunu qeyd edib. Hər şey də bundan sonra başlanıb. Qalib tələbəmiz Smart Customs-da simvolik bir gömrük dəyərini qeyd edərək bəyan edib və böyük bir həvəslə mükafatı götürmək üçün Hava Limanındakı gömrük qurumuna gedib. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər.
Belə görünür ki, DGK hələ də hədiyyə və mükafat məsələsinin gömrük tənzimlənməsini qaydaya sala bilməyib. Əlbəttə zaman –zaman hədiyyə ilə bağlı da belə problemlər olur. Amma DGK uzun illərdi ki, beynəlxalq yarışlarda qazanılan mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir.
Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki Nobel Mükafatı ( 1 milyon auro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş. Bəlkə elə buna görə bizim alimlərimiz bu mükafatı istəmirlərmiş (gülür)”.
Xatırladım ki, çox sayda beynəlxalq yarışlarda mükafat qazanan vətəndaşlarımız da zaman-zaman belə problemlə üzləşiblər.
Bu, doğru bir hal deyil və uzun müddətfdir ki, DGK bu problemi həll etməyə təşəbbüs göstərmir, hökumətə təkliflər vermir.
DGK tez -tez elan edir ki, peşəkar, xaricdə oxuyub gələn kadrları var, gömrükdə süni intellekt və innovasiyalar tətbiq edirlər. Düşünürəm ki , əgər deyilənlər reallığı əks etdirirsə, DGK-da əyləşənlər mükafatı hədiyyədən, hədiyyəni də digər mallardan fərqləndirən ağlabatan bir mexanizm qura bilərlər”.