image-reklam-veteninfo
image-666666-jpgbackend

Goranboy və Bərdədə qazi və şəhid xanımlarına psixoloji dəstək layihəsi uğurla həyata keçirildi

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qəhrəman qadınlara dəstək – qazi və şəhid xanımları ilə psixoloji iş” layihəsi Goranboy və Bərdə rayonlarında uğurla başa çatıb.

Layihə çərçivəsində hər iki rayonda üç gün olmaqla, ümumilikdə altı gün ərzində psixoloji təlimlər və qrup terapiyaları təşkil olunub. Layihənin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinə və qazi xanımlarına psixoloji dəstək göstərmək, onların emosional sağlamlığını gücləndirmək, cəmiyyətə sosial inteqrasiyasını dəstəkləmək və həyat keyfiyyətinin yüksəldilməsinə töhfə vermək olub.
Layihə rəhbəri Vüsalə Əmiraslanova açılış nitqində bildirib ki, şəhid ailələri və qazilər dövlətimizin və cəmiyyətimizin hər zaman diqqət mərkəzindədir. O vurğulayıb ki, belə layihələr iştirakçıların psixoloji sağlamlığının qorunması ilə yanaşı, onların özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etmələrinə, yeni sosial münasibətlər qurmasına və həyata daha böyük inamla baxmasına xidmət edir.
Layihənin təlimçisi, psixoloq Fəridə Əliyeva tərəfindən keçirilən təlimlər müasir psixoloji metodlar əsasında təşkil olunub. Təlimlər zamanı iştirakçılar stress və gərginliyin idarə olunması, travmanın psixoloji təsirləri, yas prosesi ilə sağlam şəkildə baş etmə, emosional tükənmənin qarşısının alınması, özünəinamın artırılması, daxili resursların kəşfi, gələcək həyat planlarının qurulması və motivasiyanın gücləndirilməsi kimi mövzular üzrə nəzəri və praktik biliklər əldə ediblər.
İnteraktiv formada keçirilən məşğələlərdə qrup terapiyaları, psixoloji məşqlər, müzakirələr və paylaşım sessiyaları təşkil olunub. İştirakçılar yaşadıqları çətinlikləri bölüşmək, emosional yükdən qismən azad olmaq və oxşar taleyi yaşayan insanlarla ünsiyyət qurmaq imkanı əldə ediblər.
Layihə çərçivəsində həm Goranboy, həm də Bərdə rayonlarında şəhid anaları, şəhid xanımları və qazi xanımları böyük fəallıq göstərərək proqramda iştirak ediblər. Təlimlərin sonunda iştirakçılar layihənin onların psixoloji vəziyyətinə müsbət təsir göstərdiyini, bu cür görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.
Layihə bir daha göstərdi ki, psixoloji dəstək proqramları həssas sosial qrupların emosional rifahının qorunması, cəmiyyətə inteqrasiyası və gələcəyə daha inamlı baxması baxımından mühüm əhəmiyyət daşıyır.
“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi bundan sonra da şəhid ailələri, qazilər və digər həssas sosial qrupların psixoloji rifahının yüksəldilməsinə yönəlmiş sosial əhəmiyyətli layihələrin həyata keçirilməsini davam etdirməyi qarşısına məqsəd qoyur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki