2012-ci il mayında Ərdəbildə bir qrup gənc tələbə Azərbaycan respublikasında “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsini lənətləyən yürüş keçirmişdi .Mohaddeq Ərdəbil universitetinin, Azad İslam Universiteti Ərdəbil şöbəsinin və Meşkinşəhrdəki Payam-e Nur Universitetinin tələbə və müəllimlərinin qatıldığı aksiya iştirakçıları “Avroviziya”nın gey-parad olduğunu iddia edirdilər . Nümayişçilər “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları qışqırışmış, sonda Azərbaycanın “anti-dini hərəkətlərini” pisləyən bəyanat da qəbul etmişdilər.
Böyük Ayətulla Makarem-Şirazi isə Ərdəbildə keçirilən İslam Oyanış Konfransına göndərdiyi bəyanatda iddia etmişdi ki, Qərb və İsrail Azərbaycan Respublikasını İslam təlimlərindən ayırmaq istəyir və s.
Bakıda da eyni ayətullahlara bağlı siyasi islamçıların da aksiyaları oldu, Azərbaycan Respublikası dövlətini dindarların nəzərində etibarsızlaşdırmaq üçün sosial şəbəkələrdə böyük kampniya başladıldı, ölkəmizdəki hər mədəniyyət və idman tədbiri dərhal geyləri dəstəkləyən addım kimi təqdim olunurdu. Bu ittihamlar Nardaran hadisələri zamanı daha gur səsləndi, heç indi də səngiməyib. Adi mədəni tədbirə bu qədər mənfi məna yükləmək absurd və idbar idi.
Üstündən 10 il keçib, İranda feministlərin başladığı aksiyalar kütləvi itaətsizliyə, silahlı iğtişaşlara çevrilib. Və aksiyaların simvollarından biri də به نام خدای رنگینکمان (Göy qurşağı tanrısının adı ilə) ifadəsidir. Bu, təəssüf ki, indiki dini rejimin simvolu kimi qəbul olunmağa başlamış بسم الله الرحمن الرحيم( Bismillhi-r-rahmani-r-rahim) ifadəsinin qarşılığı kimi işlənir. Göy qurşağının isə sadəcə feminizm deyil, gey-LGBT rəmzi olduğunu xatırlamağa, yəqin ki, lüzum yoxdur.
Dünən İranın milli futbol komandasının kapitanı Ehsan Hacsafi Dohada İngiltərə ilə oyundan əvvəl mətbuat konfransında çıxışına “Göy qurşağı tanrısı adına” ifadəsi ilə başlayıb. Çıxışda İranda dözülməz siyasi mühit olduğunu deyib, qətllər haqda danışıb, Əhfazda 10 yaşlı Kian Pirfələkin öldürülməsinə toxunub.
Həyat da, siyasət də bumeranqdır. Dini bu qədər istismar edəndə nəticə belə alınır.
Cəmaləddin Quliyev
Xüsusi olaraq Vətəninfo.az üçün