Dekabrın 10-da Milli Məclisin Hüquq siyasəti, Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında komitə rəhbərləri, media qurumlarının rəhbərləri və digər qonaqların iştirakı ilə “Media haqqında” qanun layihəsinin müzakirəsi ölkədə böyük rezonansa səbəb oldu. 1999-cu ildən bəri 79 dəfə düzəliş və əlavələr edilən “KİV haqda” köhnə qanunun yenilənməsinə doğru daha bir addım atıldı.
Vətən müharibəsindən sonra dövlət başçısının fundamental olaraq islahatların yeni mərhələsini açdığı sahə məhz mediadır. Prezidentin postmüharibə dövrünün köklü islahatlarını mediadan başlaması təsadüf deyil. Belə ki, media proseslərini tənzimləyən yeni dövlət qurumu yaradıldı, yeni qanunun hazırlanması üçün tapşırıq verildi və sair. Bu arqumentlər milli informasiya məkanımızda dərin və dinamik inkişafın nə qədər prioritet olduğunu bir daha təsdiqləyir.
Azərbaycan öz beynəlxalq mövqeyini və daxili dayanıqlılığını daha da möhkəmləndirdi. Bu da güclənmiş dövlətin daha güclü mediası yaradılmasını tələb edir.
Yeni Media qanununda yenilik və dəyişikliklər çoxdur. Media və informasiya nədir? sualından tutmuş jurnalist kimdir sualına qədər indiyədək görünməyən çox şeylərin tərifi verilir. Çap və onlayn media orqanı qurmaq üçün rəsmi icazə proseduru aradan qalxır, internet TV-lər üçün lisenziya tələbi yoxdur, jurnalist anlayışı xidməti müqavilə ilə işləyənlərə də şamil edilir, “vətəndaş jurnalistikası” deyilən ölçü-biçi tanımayan məşğuliyyət növü peşə fəaliyyəti yox, bir xobbi işi olaraq qanundan kənarda saxlanılır.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər.
Medianın intellektual məhsulu üzərində müəlliflik hüququnun daha etibarlı hüquqi müdafiə mexanizminin təsbit edildiyi, əsil jurnalistlərin və əsil media orqanlarının real sayının dəqiq bilinmədiyi bir şəraitdə onların etibarlı himayə və müdafiə problemlərini yüksək səviyyədə həll etmək də yeni qanunun hədəfidir.Bu da özünü jurlalist kimi təqdim edənlərin hüquqdan kənar fəaliyyətlərinə maneə olacaqdır.
Yeni qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü