Azərbaycan Respublikasının İranda diplomatik fəaliyyətinin bərpası üçün hazırlıqlar görülüb.
Vətəninfo.az-ın məlumatına görə, bunu mətbuat konfransı zamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
O qeyd edib ki, sözügedən məsələ barədə hər iki tərəfin prezidentləri səviyyəsində danışıqlar aparılıb.
“Ümumi konsensus var ki, əməkdaşlığın digər sahələri, o cümlədən iki ölkə arasında iqtisadi, siyasi və diplomatik əməkdaşlıqlar da inkişaf edəcək və biz Azərbaycan Respublikasının İran diplomatiyasının yeni fəallığının şahidi olacağıq”, – diplomat vurğulayıb.
Kənanin sözlərinə görə, Azərbaycanın diplomatik nümayəndə heyəti bir müddət əvvəl, ötən ilin sonlarında səfirliyin yenidən açılmasına hazırlıq üçün Tehrana səfər edib.
O, İranın Azərbaycandakı səfirinin missiyasının başa çatması ilə bağlı suala cavab olaraq bildirib ki, hazırkı prosesə uyğun olaraq səfir seçimi inzibati qaydada həyata keçiriləcək.
Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.