Amerika və digər beynəlxalq qüvvələrin yerləşdiyi İraqın Ayn əl-Əsəd hərbi hava bazası oktyabrın 30-da raket zərbələrinə məruz qalıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Reuters” agentliyi təhlükəsizlik qüvvələrindəki mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, aviabazaya 4 “Katyuşa” raketi atılıb.
Tələfat və dağıntılar barədə məlumat verilməsə də, hərbçilər raketlərin aviabazadan kənara düşdüyünü bildiriblər.
Onlar hərbi bazadan 25 km aralıda, səhra ərazidən atəşə tutulublar. İraq təhlükəsizlik qüvvələri hücum edənləri axtarır.
Reuters xatırladır ki, oktyabrın 7-də İsrail ilə Fələstinin HƏMAS radikal hərəkatı arasında döyüşlər başlayandan bəri Amerika qüvvələrinə hücumlar artıb. İraq silahlı qrupları və İran Vaşinqtonun Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatlara müdaxilə edib İsrailə dəstək verəcəyi təqdirdə ABŞ qüvvələrini hədəf alacaqlarını bildirib.


























