Böyük Qayıdışa dair I Dövlət Proqramı tədbirlər planında əks olunan fəaliyyətlər üzrə icra edilir və təbii ki, eyni vaxtda bütün şəhər və kəndləri bərpa etmək mümkün deyil. Bu, zaman tələb edən prosesdir.
Vətəninfo.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov rəsmi mətbuata müsahibəsində deyib.
O bildirib ki, qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək.
“Qürurvericidir ki, tezliklə Vətən müharibəsində qələbəmizin simvoluna çevrilmiş gözəl Şuşamıza, bundan başqa Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”, – Komitəsinin sədr müavini qeyd edib.
Fuad Hüseynov bildirib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında daimi məskunlaşdırılması zamanı nəzərə alınan prinsiplərə gəldikdə isə, ölkə rəhbərliyi tərəfindən verilən göstərişə əsasən, ilk növbədə, hər bir yaşyış məntəqəsi üzrə ağır şəraitdə yaşayan – yataqxanalarda, sanatoriyalarda, pansionatlarda, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış ailələrin köçürülməsi diqqətdə saxlanılır:
“Köçürülməyə hazır olan yaşayış məntəqələri üzrə həmin yerin sakinləri arasında sorğular keçirilir, hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılır, onların qayıdışı ilə bağlı razılaşma protokolu imzalanır. Burada əsas məqsəd planlaşdırmanı daha səmərəli təşkil etməkdir”.