image-23jpg-1669209293backend

Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır

image-reklam_sirab_01

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Kəlbəcər rayonu 2020-ci il 25 noyabr tarixində işğaldan azad olundu.  İki ildir ki, Kəlbəcər azaddır.

29 il əvvəli – Kəlbəcərin işğalını xatırlayaq.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə görə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, ikili standartlarla fəaliyyət göstərən beynəlxalq təşkilatlar isə qanunun icrasını tələb etmədi.

Prezident İlham Əliyev Kəlbəcər uğrunda döyüşləri çox dəqiqliklə analiz etmişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

Prezidentin diplomatik qələbəsi sayəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə davam edir.  İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur.

Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Bir sözlə, hazırda Kəlbəcər rayonu yeni inkişaf dövrü yaşayır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki