image-fb_img_1623678675548backend

Kəngərli rayon Qabıllı kəndində yeni mini futbol stadionu istifadəyə verilib

image-reklam_sirab_01

Açılış mərasimində çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, diyarımızın şəhər, rayon və kəndlərində yeni idman obyektləri inşa edilərək gənclərimizin, vətəndaşlarımızın ixtiyarına verilir. Bu da muxtar respublika rəhbərinin idmana göstərdiyi dövlət qayğısının bariz nümunəsidir. Yeni istifadəyə verilən stadion da rayonumuzda uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayacaq. Məlumdur ki, Qabıllı kənd sakini sahibkar Füzuli Hüseynov belə bir təşəbbüsü irəli sürdükdən sonra dövlət tərəfindən ərazi müəyyənləşdirilib və müvafiq yerdə yeni stadionun inşası aparılıb. Bu həmçinin, muxtar respublikamızda sahibkarlara göstərilən diqqətin nəticəsidir.
Açılış mərasiminin ölkəmizin ən dəyərli bayramlarından olan “15 iyun – Milli Qurtuluş Günü” ərəfəsinə təsadüf etməsini mühüm hadisə kimi dəyərləndirən Kamal Ələkbərov bu münasibətilə bütün vətəndaşlarımızı təbrik edib, idmançılarımıza və onların məşqçilərinə uğurlar arzulayıb.
Milli Qurtuluş Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov qeyd edib ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Ali Məclis Sədrinin Sərəncamına əsasən, bu sahədə investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi daim diqqətdə saxlanılır. Muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər nəticəsində geniş sahibkarlar sinfi formalaşıb və bu təbəqə sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib. Məhz, sahibkarlığa dəstəyin nəticəsidir ki, bu gün belə bir stadion inşa edilib. Ümumiyyətlə, muxtar respublikada uğurlu idman siyasəti nəticəsində mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir, hər il idman infrastrukturu müasirləşdirilir. Buna son olaraq Uzunoba gölü ətrafında inşa edilən Təlim-Məşq İdman Kompleksini nümunə göstərə bilərik. Muxtar diyarımızda idmanın inkişafına davamlı qayğı göstərilməsi, yaradılan müasir infrastruktur beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Bu gün muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kəndlərində də idmanın kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, artıq kəndlərdə yeni idman obyektləri tikilir və ya yenidən qurulur. Bunlardan biri də Qabıllı kənd stadionudur. Bu stadionda keçiriləcək yarışlar, turnirlər istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradacaq.

Təbdbirdə çıxış edən sahibkarın qardaşı Pərviz Hüseynov və qızı Aytən Hüseynova yaradılan şəraitə və dəstəyə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər. Mənsim Möhbalıyev və Hüseyn Səfərəliyev isə Qabıllı kənd sakinləri adından dövlətimizə minnətdarlıqlarını bildirib, futbol meydançasının tikintisində əməyi olan hər kəsə təşəkkür ediblər.
Tədbirin sonunda Şərur və Kəngərli rayon uşaq futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Qeyd edək ki, uzunluğu 42, eni 26 metr olan süni örtüklü stadionun ərazisi 0,6 hektardır. Stadionda işıqlandırma sistemi, eyni zamanda bir paltardəyişmə otağı, bir yardımçı otaq və sanitar qovşaq quraşdırılıb. Əraziyə kilid daşları döşənilib, stadionun ətrafında abadlıq işlər aparılıb, asfalt örtüyü salınıb. Eyni zamanda, stadionun yanında 1 hektar ərazidə badam bağı salınıb. İki nəfər işlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki