image-camall24backend

Kitab falı-Camaləddin Quliyev Yazır

image-reklam_sirab_01

Keçmiş əyyamda Hafiz Şirazinin divanından fala baxmaq üçün istifadə edərlərmiş. “Ey Hafiz Şirazi, bər mən nəzər əndazi, mən talebe yek faləm, to kaşefe razi” sözlərini əfsun-mantra kimi oxuyub kitabın ixtiyarı səhifəsi açılar, gözə sataşan misralar ürəkdəki mətləbə uyğun yozularmış.

Kitabdan fal kimi istifadə “cifr elmi”ndə daha geniş yayılmışdı. Quran, hədis kitablarından ayrı-ayrı hissələr əbcəd hesabıyla yozular, mənalandırılar, nəticələr, proqnozlar çıxarılarmış. Azərbaycanlı və türkiyəli müdriklərin sitat deposu olan İbn Xəldun da çoxsaylı fal metodları içərisində yalnız cifri təqdir edərmiş.

* * * * *
“Bir kitab oxudum və həyatım dəyişdi”. Deyəsən, Pamukun “Yeni həyat”ı belə başlayırdı. Amma mən həyatı dəyişən yox, ölkələr barədə təsəvvürü formalaşdırmağa və ya dəyişməyə kömək edən kitablardan söz açmaq istəyirəm.
Kitab – sosial, siyasi proqnozlar üçün həqiqətən də öncəgörmə, futurist yolgöstərən ola bilər. Həm də söhbət sırf proqnozlar təqdim edən sosial – siyasi tədqiqatlardan getmir, adi bədii ya elmi əsərlər də bu rolda çıxış edə bilər. Və bunun üçün ona fal, cifr, isrixarə mənbəyi kimi baxmaq da lazım gəlmir.

* * * *
Səfər etdiyim ölkələrin coğrafiyası o qədər də geniş deyil. Ancaq getdiyim ölkədə, şəhərdə iki gündən çox qalıramsa, kitab mağazalarına, mədəniyyət abidəsi sayılan məkanlara mütləq baş çəkirəm, oxuyub anlaya bildiyim dildə qəzet, jurnal, kitab varsa seçib nəsə alıram. Yalnız mütaliə həvəsi üçün yox, getdiyim ölkəni düzgün “oxumaq”, anlamaq üçün.

* * * *
Əsgəri xidmətimiz zamanı Riqada qısa müddətli olsaq da, bizi “Azadlıq” abidəsini ziyarətə də aparmışdılar. Sovet ideoloqları o abidəni Amerikadakı analoji abidəyə alternativ kimi düşünübmüşlər. Ki, baxın biz Latviyaya azadlıq əta etmişik. Amma görünür latış sənətkarlar başqa cür düşünürmüşlər; ucaldılmış abidənin yönü, qibləsi Moskvaya yox, Qərbə sarı idi. Yenidənqurma illəri olduğundan latış xidmətdaşlarımlz bu sənət bicliyini fəxrlə danışırdılar. Abidə Latviyanın bugünkü NATO seçimini uzaq 50-ci illərdə kodlaşdırmışdı.
Litvalı xidmətdaşlarımızın sayəsində “Sayudis”in “Malaya Litva” nəşrini də izləyirdik. Belə anlaşılırdı ki, litvalı millətçilər Böyük Litva Knyazlığını bərpa etmək xülyasındadırlar. Kalininqradı da nə rus şəhəri, nə alman Keniqsberqi kimi qəbul etməzdilər. “Keniqsberq” toponimini balt- prussların “Koroloviçyus” toponimin hərfi tərcüməsi olduğunu iddia edirdilər….Bu günlər Litva Kalininqrada tranzit daşımalarını əngəllədiyi üçün Rusiya tərıfindən savaşla təhdid olunur.

* * * *
ABŞ-da Pol Kennedinin “İyirmi birinci əsrə hazırlaşarkən”( Preparing for the twenty-first century) kitabını almağı xahiş etmişdilər. Çox uzaq getmədən mehmanxanaya yaxın məkanda tapdığım mağazada kitabın adını yazıb verdim. Satıcı müvafiq seksiyaya yönləndirdi. Tək bir seksiyadakı kitabların, müəlliflərin adları ölkənin nə qədər iddialı olduğunu bilməyə yetərli idi. Çox zəif ingiliscəmə rəğmən deyilən kitabı sifarişçiyə təhvil verməzdən qabaq vərəqlədim, maraqlı gəldiyindən “Google books” da tərcümə ilə fraqmentar oxumağa çalışdım(O illər bu xidmət indiki kimi çətin və mütləq ödənişli deyildi). Geniş təfsilata varmadan müəllifin yazdığı “brawninq”(qəhvəyiləşmə) fenomeninə toxunmaq istəyirəm. 20-ci əsrin birinci yarısında bəzi Yengi Dünya ölkələrində “whiting” (ağartma, bəyazlaşdırma) proqramı tətbiq edilib, qaradərililər zorla ağdəriliyə ərə verilir və ya evləndirilirdi. Amma dünyaya gələnlər ağdərili olmurdu, mulat olurdu. Kennedi bu prosesin əksinə- ağdərililərin tədricən əsməriləşməsinə müsbət yanaşır, faydalı olduğunu deyir. Kitabın çapından 10-15 il sonra mulat Barak Obama ABŞ prezidenti seçildi. Kennedinin ağzı fal çıxdı.
Buna bənzər nələrsə hələ uzaq 1920-lərdə knyaz Trubetskoy da demiş, rusların müəyyən qədər asiyalı qanı ilə qarışmasına müsbət yanaşmışdı. Ruslar tərs nəticə çıxardılar. Elitada ilişib qalan sonuncu tatar mənşəliləri- Yusupovları, Kasimovları, Karamurzaları Yaqodalar, Trotskilər, Mikoyanlar, Cuqaşvililər, Xruşovlarla əvəzlədilər.

* * * *
Qahirənin “Təhrir” meydanındakı kitab cərgəsində Yusid Zeydanın o zaman yenicə çapdan çıxmış “Əzazil”ini axtarırdım. Tapdım da. Amma kitab cərgəsində düzülmüş kitablardan Trotskinin, Xomeyninin, Şəriətinin, Çe Gevaranln əkslərinin boy-boya verməsinə mat qalmışdım. Panərəbizmin və “Müsəlman qardaşlığı”nın vətəni, sünni İslamın ideoloji beşiklərindən olan Əl Əzhər universiteti yerləşən ölkədə radikal solçu və radikal şiə müəlliflərə bu qədər maraq hardandır? Daha bu, kitab falı deyildi, sosial diaqnoz idi. Ölkə sosial partlayışdan keçəcək inqilaba hamilə idi. Kütlələr müxalif və radikal olan hər yazıya təşnəydilər, hərçənd ki, Misirdə savadlılıq səviyyəsi dünya göstəricilərindən xeyli aşağıdır.
Cəmi iki il sonra o meydan “ərəb baharı” nın tempraturunu müəyyən edən məkan olacaqdı..

* * * *
Türkiyəyə səfər etməzdən qabaq da Hüsü Hacıyev küçəsindəki xüsusi türk kitbaları mağaza vasitəsilə kitbalar əldə edirdik, amma o kitablar ideoloji yüklü, xüsusi seçilmiş, necə deyərlər, təyinatlı kitablar idi. Türkiyənin özündə ilk nəzərə çarpan hal çap mediasının o illər (2000-ci illərin əvvəlləri) dünya trendinin əksinə daha da inkişaf etməsi, ayrı-ayrı KİV-lərin tirajlarının 1 milyonu haqlaması idi. O illər indi “yandaş” deyilən media güclü deyildi, əksər KİV-lər müxalif idi, hətta ozamankı yandaş medianın səhifələrində AKP -yə qarşı qəribə gizli və hikkəli müxalifliyi sezməmək mümkün deyildi. O hikkə “Gəzi” və 16 iyul hadisələri zamanı gizlilikdən çıxdı, dünyaya faş oldu.

İkinici nəzərə çarpan nüans medianın da, kitab mağazalarının da icmalara görə fərqlənməsi idi. İsgəndərçi, qadiri kimi azsaylı, bəzən də adnanoktarçı kimi zərərli dini icmaların belə öz kitab mağazaları şəbəkəsi, telekanalları, elektron və çap mediaları var. Və bu fərqli icmaların az qala hamısı hansısa formada Mehdi ideyasını təbliğ etməkdədirlər. Yalnız hansısa dini, etnik icmanın deyil, azsaylı siyasi marginalların(kommunistlərin, ulusalçıların, budunçuların və s.), cinsi azlıqların da öz kitab mağazaları və KİV şəbəkələri var.

Bir də var hiss olunan ümumtürkiyə tendensiyaları. Türkiyənin Orta Şərq layihəsinə qoşulmasından illər əvvəl Nəcib Fazil Qısakürəyin “Böyük Doğu” məcmuəsi inadla Osmanlı mirasına, o cümlədən geosiyasi mirasına sahib çıxacaq iddialı nəsil yetişdirməkdə idi. Əhməd Davudoğlu bu sahiblənməni “Strateji dərinlik” kimi qələmə alırdı, Abdüllətif Şənər Osmanlı maliyyə sistemini öyrənirdi…Birdən-birə Rəşad Nuri Güntəkinin, Xalid Ziyanın, Xalidə Ədibin osmanlı həyatından bəhs edən romanlarının yeni və ya təkrar ekranlaşdırılması əvvəl Türkiyədə, sonra qonşu ölkələrdə(Osmanlı coğrafiyasında) və dünyada maraqla izləndi. Ərtoğrul Özkök kimi sol liberal yazar belə “Çalıquşu”na marağı fəxrlə” Osmanlı ruhunun qayıdışı” adlandırırdı. Maraqlıdır ki, o müəlliflər xilafətdən cümhuriyyətə keçid dövrünün, bir transformasiya yaşayan cəmiyyətin ağrılarını, sosial bəlalarını qələmə almışdılar. Bəs, bu gün niyə bu müəlliflərə belə maraq var, tütk cəmiyyəti indi hansı transformasiyaya hamilədir? Türk cəmiyyətinin qəribə dəyişiklilərə marağı 5-10 il sonrakı türk siyasətini necə biçimləndirəcək?

İndi türk kinematoqrafiyasında Osmanlı tematikası azalmasa da, ümumoğuz tarixinə müraciətlər artıb(“Diriliş Ertuğrul”, “Dirililiş Selcuklu”). Amma o filmlərin hamısında bir osmanlı mərkəzçilik var, nə qədər Oğuz keçmişinə maraq olsa da, tarixi yaddaşı osmanlı olan bir cəmiyyət o filmləri ilk növbədə daxili auditoriya üçün istehsal edir.

… Və Türkiyədə son illər kitab mağazalarının sayında, elə rəfə düzülən kitabların çeşidində də azalma var. Ağırlıq yenə Osmanlı əlahiddəliyini və sünni İslamını idealizə edən nəşrlərdədir. Son səfərim zamanı seçə bildiyim ən yaxşı kitabın (Modern Türkiye tarihi) müəllifi türk deyil, bir amerikalıdır. Amma “Türkiyəni mənə görmədiyim yönləri ilə tanıtdı” deyə biləcəyim müəllifdir.

* * * *
Tehran ətrafında az qala hamının çanaq antenaları vasitəsilə Türkiyə və Qərb telekanallarını(türk, fars və ingilis dillərin də) izləməsi, yerli telekanallara ancaq xüsusi xəbərləri izləmək üçün baxmaları diqqətimi çəkmişdi. Kitab mağazalarında tərcümə ədəbiyyatının (əsasən Qərb müəlliflərinin) bolluğu nəzərə çarpırdı. Yalnız bədii deyil, elmi, siyasi ədəbiyyat da həsdiz dərəcədə çox tərcümə olunur. Azərbaycan kanalları isə, təəssüf ki, çox az izlənir. Odur ki, cənubi azərbaycanlı yeni müəlliflərin kütləvi şəkildə Türkiyə türkcəsinə meyillənməsi təəccüblü olmamalıdır.

Tehran və ətraf yaşayış məntəqələri ta Qaraxanilər dövründən bəri müxtəlif türk dövlətlərinin tərkibində olub, burda aynalu, xalac kimi arxaik türk dillərinin daşıyıcıları yaşayır, şəhər və qəsəbələrin çoxunun da əsası məhz türklər tərəfindən qoyulub. Amma nə onları, nə də yaxın Xəzər sahili xalqlarının mədəniyyətini (gilək, tapari-məzandarani, semnani, talış) andıran bircə abidə belə rastıma çıxmadı. Əvəzində hər tində Əhəməni, Sasani dövrünü, zərdüştiliyi əks etdirəm simvollar görə bilərsiz. Sanki əsasən türk əhalinin yaşadığı, son 1200 il türklərlə bağlı olan müsəlman şəhərinə deyil, Hindistanın Qucarat ştatına gəbr (zərdüşti) icmasının kompakt yaşadığı bir bölgəyə səfər etmisiniz. Gəbrlər Hindistan və İranı belə görünməz tellərlə bir- birinə pərçim ediblər.
İran kinematoqrafiyası ayrı bir aləmdir. Sifarişlə, amma istedadla çəkilmiş filmlər, seriallar hansı mövzuda olur- olsun içinə mütləq bir irani kimliyi vurğusu, fars əlahiddəliyi salınmalıdır. Bu film Muxtar Əjdər, Həzrət Əli ya İmam Rzadan bəhs edəndə baş qəhrəmanların soydaşları olan ərəblərə, Həzrəti Yusifdən bəhs edəndə Yusif peyğəmbərin soydaşları olan yəhudilərə, Şah Abbasdan bəhs edəndə onun soydaşları olan türkman-azərbaycanlılara nifrət təbliğ etməsi sizə qəribə gəlməməlidir. Bu dövlətin ideoloji işi ifrat ksenofobiya ilə radiak dini baxışları qəribə şəkildə sintez etməkdən ibarətdir.

Hərçənd iranlı kinematoqrafların İranda və xaricdə rəsmi Tehranın sifarişindən kənar çəkdiyi filmlərdə mütləq Qərb heyranlığı müşahidə edəcəksiz, amma irani əlahiddəliyi və digər xalqlara nifrət təbliğində elə bir dəyişiklik olmur..

* * * *
Yazının çox uzun alınmaması üçün digər qonşulardan yalnız Rusiya haqda kiçik təəssüratlarmı qeyd etməyə çalışacam. Rusiyada məni yaxşı mənada təccübləndirən Stalik Xankişyevin, Çingiz Abdullayevin, Elçin Səfərlinin kitablarının az qala bütün kitab mağazalarında təmsil olunmasıdır. Demək, bizə mətbəx və detektiv ədəbiyyatı səviyyəsində olsa da maraq, diqqət var. Amma “Drevniye rusi na Kavkaze”, “Velikiy russkiy tsar-Batıy” , “Xazarı drevniye slavyane”, “Sarmatı-rusi” kimi “elmi şedevrlər”in böyük oxucu kütləsi toplaması o cəmiyyətin ruh halını göstərir. Ruslar hər şeyə iddialıdır- Kiyev slavyanlarının tarixinə və irsinə, Xəzərlərə, Qızıl Orda coğrafiyasına, hətta bizim Şirvan mədəni irsinə . Moskvada hər il “Şemaxinskaya bayedarka” adlı rəqs festivalı da keçirilir. Yəni iştah Ukrayna ilə bitmir..

* * * *
Azərbaycana gəlincə, yəqin bu barədə başqa müəlliflər yazmalıdır, içimdəki senzor mənə icazə vermir. Yalnız bir-iki qənaətimi bölüşə bilərəm. Birincisi, Xruşşov “ottepel”indən sonrakı dövr kimi Ezop dili bədii ədəbiyyata hakim kəsilib. Eyni müəllif rəsmi çıxışında sizə bir qiyafədə, bədii yazısında başqa qiyafədə görünə bilər. Bəzən ikililəşmə bir- birindən daban-daban fərqli iki müəllifi oxuyurmuşsunuz kimi təəssürat yaradır. Eyni müəliifin rəsmi qiyafəsindəki siyasi mədhiyyəsindən necə ürəyiniz bulanırsa, mədhə layiq bildiyini bədii mətndə çox da gizli olmayan eyhamlarla həcv etməsinin ifratlığı da sizi qarsa bilər.

İkincisi, 90-lardan fərqli olaraq ümumtürk esperantosu yaratmaq naminə otağı “oda”, düyünü “prinç” yazanların, dil eksperimentləri aparanların sayı, şükür ki, azalıb. Xalq dilinə, hətta dialektizmlərə dönüş var. Amma Arazın o tayında bizim 90-cı illərdəki eksperimentlər daha geniş vüsət alıb. Sanki dilin çoxmərkəzliliyi iki fərqli dilin yaranmasına doğru geridönməz bir prosesə çevrilir. Təəssüf ki, bizim elmi və ziyalı ictimaiyyəti bu prosesə heç seyirçi də deyil. Elə təəssürat yaranır ki, bu dil bizim deyilmiş, hansısa yad dildəki proseslərdən söhbət gedir.

Üçüncüsü, sosial qütbləşmə oxucu auditoriyalarının da qütbləşməsinə gətirib çıxarıb. Məsələn, şəhərin mərkəzindəki qlamur kitab mağazalarına girib rəflərinə göz gəzdirin, sonra deyək ki, “Əli və Nino”ya keçin, lap sonda yeralıt keçidlərdə satılan kitablara göz atın.O qədər fərqli terminlərdən, orfoqrafiyadan(xüsusən xarici adların yazılışında), sintaksisdən(dini kitablarda ya fars, ya Türkiyə türkcəsi sintaksisi qabarıq hiss olunur), üslubdan istifadə edilir ki, o kitabların Azərbaycan dilinin fərqli etnolektlərində yazıldığını belə güman etməyə əsas yaranır.

Nəhayət, nə qədər multukulturalizmdən danışsaq da, mən şəxsən qlamur rəflərdən kitab seçənlərin zövqünün hansısa hindus mollasının(Quru Behmənkəsin) fotosu boylanan kitablardan, zirzəmiyə enmişlərin zövqünün Xameneyinin fotoları bəzəyən kitablardan, ortada qalanların da Den Braundan (ortadakıların orfoqrafiyaları ilə yazsaq “Dan Brown”) ibarət olduğuna inana bilmirəm. Çox süni, sanki zorla bölünmüş auditoriyalardır. Qlamurluğa qaldırılmışlar qədər zirzəmiyə endirilmişlər də sünidir. Kimsə zorla bizi fərqli zövqləri, dili, üslubu, seçimləri olan “xalqlar”a ayırır. Xoş mənzərə deyil.

* * * *
Faldan söz düşmüşkən, bu yaxınlarda İran tərəfi rəsmi Bakının orta əsr Azərbaycan əlyazmalarının YUNESKO-nun mədəni irs siyahısına daxil etmə təşəbbüsünə çox sancılı reaksiya verir, bunu “böyük İran mədəni irsinə qəsd” kimi qiymətləndirir. Bu, artıq nə kitab falının, nə də İbn Xəldunun siyasi cifrinin girəcəyi sahə deyil, kliniki diaqnozdur. O əlyazmalardan biri “Falnamə” adlanır…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki