image-konul1backend

Könül Nurullayeva: “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri məlumatların əlçatanlılığına imkan yaradacaq”

image-reklam_sirab_01

 

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”. Milli Məclisin deputatı Könül Nurullayeva “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun Layihəsinə münasibət bildirərkən belə deyib. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadi artımın və məşğulluğun təmin edilməsində aparıcı mövqeyə malik olduğunu bildirən millət vəkili qeyd edib ki, inkişaf etməkdə olan ölkələr də iqtisadi dayanıqlılığın gücləndirilməsi, iqtisadi aktivliyin təmin edilməsi üçün kiçik və orta sahibkarlığın inkişafına nail olmağa çalışırlar. Deputat son illər Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına nail olunması istiqamətində reallaşan genişmiqyaslı tədbirlərə toxunub: “İqtisadi islahatlar və iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsi, əlavə güzəşt və stimullaşdırma siyasətinin gerçəkləşdirilməsi nəticəsində bu sahədə ciddi irəliləyişlər əldə olunub. Azərbaycanda sahibkarlığın inkişafı dövlət başçısının iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Bunun bariz nəticəsidir ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun layihəsi irəli sürülüb. Sənəd ümumilikdə bu sahənin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Qanun layihəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdıran K.Nurullayeva bunu müsbət hal kimi qiymətləndirib. Onun sözlərinə görə, vahid reyestrin aparılması belə sahibkarlıq subyektlərinə dair məlumatların əlçatanlılığına imkan yaradacaq: “Həmçinin Qanunda müvafiq sahibkarlıq subyektlərinə maliyyə dəstəyi ilə yanaşı, məsləhət və informasiya dəstəyinin göstərilməsi, həmin sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı, təkrar hazırlığı və ixtisaslarının artırılmasına dövlət dəstəyi, sözügedən subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi də nəzərdə tutulur. Bu çox uğurlu addımdır. Bunun nəticəsində biznes mühitinin daha da yaxşılaşdırılması, maliyyə resurslarına və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması, eləcə də innovativ yanaşmanın bütün əlaqəli sahələrdə tətbiqi mikro, kiçik və orta subyektlərin inkişafı üçün əlverişli şərait yaradacaq ki, bununla da Azərbaycanda mikro, kiçik və orta subyektlərin qeyri-neft sektorundakı payı və yüksək gəlir gətirən sektorlarda məşğulluq imkanları artacaq”.

Deputat hesab edir ki, Qanun layihəsi qəbul olunduğu təqdirdə sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyi artacaq, həmçinin onların intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlara çıxmasına şərait yaranacaq, ümumidaxili məhsulun həcmində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı artmış olacaq: “Həmçinin, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı nəticəsində rəqabətli bazar münasibətləri formalaşacaq ki, bu da bazarda tələb-təklif tarazlığının yaranmasına, qiymətlərin sabitləşməsinə, istehsal olunan mal və xidmətlərin rəqabətqabiliyyətliliyinin yüksəlməsinə, iqtisadi tənzimləmə alətlərinin effektiv tətbiqinə, iqtisadiyyatın dayanıqlılığına və xarici təsirlərin çevik absorbsiyasına şərait yaradacaq.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki