image-8jpg-1665995947backend

Malik Həsənov: Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirdiyi hər bir fikir hazırkı dövr üçün çağırışdır

image-reklam_sirab_01

“Tarixi Zəfərimizin Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdiyini son günlərin reallıqları fonunda bir daha aydın görürük. Belə ki, dövlət başçısı İlham Əliyevin ardıcıl olaraq Çex, Qırğızıstan və Qazaxıstan səfərləri, səfərlər çərçivəsində keçirdiyi görüşlər, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı, müzakirəyə çıxarılan məsələlərə yanaşmada Azərbaycanın mövqeyinə xüsusi önəmin verilməsi kimi məqamlar diqqətdən kənarda qalmadı. Bütün bunlar Azərbaycanın dünyada böyük nüfuzuna, Asiya ilə Avropa, Şərqlə Qərb arasında körpü rolunun güclənməsinə, dünyada dialoqun inkişafına, sülh və sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə töhfələrinin göstəricisidir. Azərbaycan yerləşdiyi coğrafi məkana görə daim dövlətləri, xalqları birləşdirir, onlar arasında körpü roluna yeni əlavələr edir. Ümumilikdə Azərbaycan türk dünyasının birliyini prioritet məsələ kimi qarşıya qoyur və bu istiqamətdə mühüm addımlar atır. Ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi müddətində gördüyü işlərin xronologiyasına, həmçinin cənab İlham Əliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsinə diqqət yetirmək kifayətdir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Qırğızıstana ilk dövlət səfəri münasibətlərin bütün istiqamətlərdə strateji xarakter daşıdığına işıq saldı: “Hər bir səfərin əhəmiyyətini xarakterizə edən məqamlardan biri imzalanan sənədlərdir. Məlumdur ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun bu ilin aprel ayında Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, ümumiyyətlə, müxtəlif sahələri əhatə edən 10 sənəd imzalanmışdır. Prezident İlham Əliyevin səfəri çərçivəsində isə strateji münasibətlərin inkişafına xidmət edən addımlardan biri kimi, Bişkekdə iki ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirildi. Bir daha vurğulandı ki, qarşımızda gələcək münasibətlərimizin strateji hədəflərini və istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi dayanır. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfələr verir. Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, ulu öndər Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan məktəbin açılışı iki dost ölkənin münasibətlərinin aydın ifadəsidir. Səfər çərçivəsində, həmçinin Qırğızıstan-Azərbaycan birgə qarşılıqlı fəaliyyətinin artırılmasına istiqamətlənən bir sıra sənədlər, xüsusilə Qırğız Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında “Azərbaycan- Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş imzalandı.”

Diqqəti dövlət başçısı İlham Əliyevin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasındakı və Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışlarına yönəldən millət vəkili vurğulayıb ki, Prezidentin hər bir fikri hazırkı dövr üçün bir çağırışdır: “Cənab İlham Əliyev Azərbaycanın milli maraqlarını yüksək səviyyədə müdafiə etdi. MDB Dövlət Başçıları Şurasının iclasında ölkə Prezidenti bir daha diqqəti ATƏT-in Minsk qrupunun 30 illik işğal dövründə fəaliyyətsizliyinə, postmünaqişə mərhələsində vəziyyətin başqa cür inkişafına, “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada keçirilən Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşə, bu görüşün Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verilməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyətinin yoxluğuna, ölkəmizin belə xoş məramının qarşısında Praqadakı görüşdən bir həftə sonra Emmanuel Makronun təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etməsinə yönəldərək bildirdi ki, reallıqları özümüzdən eşitməyinizi istədim. 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Artıq münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib. Dövlət başçısı İlham Əliyev bəyanatlarında Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandıraraq Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərən Emmanuel Makrona bir daha beynəlxalq hüququn norma və pinsiplərini xatırlatdı və bildirdi ki, Azərbaycan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki