İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır.
Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva APA-nın sorğusuna cavab olaraq deyib.
Onun sözlərinə görə, Media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir.
“İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır. Qeyd edək ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə elektron formada Media Reyestri şəhadətnaməsi təqdim olunur və onların şəxsi kabinetlərində yerləşdirilir. Şəhadətnaməni kağız daşıyıcıda əldə etmək üçün istənilən vaxt Agentliyə müraciət oluna bilər”, – Səidə Şəfiyeva vurğulayıb.