“Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb. Ancaq layihəyə bir sıra düzəlişlərin edilməsi yaxşı olardı”.
Bunu Vətəninfo.az İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, layihənin 13-cü maddəsinə (İnformasiyadan istifadə edilməsi) düzəlişlər edilməlidir: “Layihənin 13.1-ci bəndinə əsasən, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Layihənin 13.2-ci bənddə isə qeyd edilib ki, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. 13.3-cü bənddə isə qeyd edilib ki, bu qanunun 13.1-ci və 13.2-ci maddələri dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir”.
F.Hüseynəliyev təklif edib ki, qanun layihəsinin 13.3-cü bəndinə informasiya agentliklərinə istinadla bağlı məsələ öz əksini tapsın: “Hesab edirəm ki, bu bəndə yenidən baxılmalıdır. Media subyektləri informasiyaları agentliklərə istinad etməklə (özəl, eksklüziv informasiyalar) abunəlik və ya müqavilə əsasında istifadə etməlidirlər”.
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov da bu məsələ ilə razı olduğunu qeyd edib: “Bütün tövsiyələr tərəfimizdən qeyd edilir və ətraflı müzakirə olunur. Bu məsələ öz həllini tapmaqdadır və layihəyə əlavə olunacaq. Bu məsələ qanunda öz əksini tapacaq”.