image-adil-750x470backend

Milli Məclis sədrinin müavini Adil Əliyev: “Ağdam tarixin və gələcəyin qovuşduğu şəhər olacaq”

image-reklam_sirab_01

29 iyul 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul etdi. Bu, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı qəbul edilmiş, Azərbaycan dövlətinin daim istinad etdiyi, Ermənistan tərəfinin isə barışmadığı və ermənipərəst güclərin çox zaman görməzdən gəldikləri məşhur dörd qətnamədən ikincisidir.  Qətnamə Ermənistan tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı ilə əlaqədar qəbul edilmişdi.

Sənəddə Ermənistanı birbaşa olaraq işğalçı adlandırmaqdan çəkinilmiş, amma “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri” ifadəsi aydın və birmənalı şəkildə istifadə edilmişdir. Bu da Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi və orada yaşayan etnik ermənilərin isə Azərbaycan Respublikasının vətəndaşları kimi BMT Təhlükəsizlik Şurası tərəfindən bir daha tanınması və etirafı deməkdir.

Xüsusilə vurğulamaq lazımdır ki, Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 30 aprel 1993-cü ildə qəbul edilmiş 822 saylı qətnamədə isə belə bir ifadə işlədilməmişdir. Sadəcə olaraq “yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna soxulması” kimi qeyri-müəyyən ifadədən istifadə edilmişdir. Şübhəsiz ki, Ağdamın işğalı ilə bağlı qətnamədə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” kimi aydın ifadənin olması, artıq o zaman yenicə Azərbaycan parlamentinin sədri seçilmiş və olduqca mürəkkəb bir şəraitdə fəaliyyət göstərməli olan Ulu öndər Heydər Əliyevin diplomatik səylərinin nəticəsi idi.

853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdamdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Amma qətnamənin icrası düz 27 ildən sonra baş verdi. 44 günlük Vətən müharibəsi 10 noyabrda Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyannaməsinin imzalanması ilə başa çatdı və onun müddəalarına uyğun olaraq, Ermənistan qoşunlarının 20 noyabrda Ağdamı tərk etməsi ilə 853 saylı qətnamə icra edildi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il ərzində yerinə yetirilməmiş qalan qətnaməsini Azərbaycan öz gücünə icra etdi, bununla da beynəlxalq hüquq və ədalət bərpa olundu.

Amma təəssüflər olsun ki, Ermənistanın işğalı altında olduğu illər ərzində Ağdam viran qoyulmuş, əvvəlki Ağdamdan əsər-əlamət qalmamışdır. Ağdam Ermənistanın Azərbaycan mədəniyyətinə, tarixinə qarşı törətdiyi qəsdin dəhşətli nümunəsidir. Bütün bunlar 27 illik işğal dövründə həyata keçirilmişdir. Bu, o deməkdir ki, bu hadisələr bir gündə baş verməmiş və bölgəyə 27 il ərzində müntəzəm səfərlər edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gözləri önündə törədilmiş, amma onlar buna göz yummuşlar.

Bütün bu acılara və məhrumiyyətlərə baxmayaraq, Azərbaycan Ağdamı yenidən dirçəldəcək və bərpa edəcək. Ağdamın baş planının hazırlanıb təsdiq edilməsi, bu plana uyğun surətdə bir çox sosial, iqtisadi, infrastruktur və mədəni layihələrin təməlinin qoyulması, eləcə də  125 hektarlıq meşə-parkın salınması Ağdamın öz tarixinə əsaslanan yeni gələcəyindən xəbər verir.

Belə ki, Suşa qalasının və Qarabağ xanlığının qurucusu Pənahəli Xanın və onun övladlarının məzarlarının Ağdamda olması, bizim tariximizin qürurlu səhifələrindən danışır. Digər tərəfdən isə həmin məzarlara, xüsusən də Xan qızı kimi tanınan xeyriyyəçi və şairə Xurşidbanu Natəvanın məzarına və Ağdamın Şəhidlər Xiyabanına qarşı edilən vandallıq tariximizin ağrılı və faciəli dövrünü özündə əks etdirir.

Amma dövlətimizin və cənab Prezident İlham Əliyevin artıq start verdiyi nəhəng, sürətli  yenidənqurma və bərpa layihələri Ağdamın gözəl gələcəyinin bünövrəsini yaradır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki