Aprelin 21-də Milli Məclisin Sədri Sahibə Qafarova İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə görüşüb. Qonağı salamlayan Spiker ona Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Milli Məclisin Sədri ölkələrimiz arasında dostluq münasibətlərini qeyd edərək, xüsusilə, siyasi sahədə möhkəm əlaqələrin olduğunu, Azərbaycan və İndoneziyanın Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirib. Həmçinin humanitar sahədə də səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu vurğulanıb.
İkitərəfli əlaqələrin inkişafında parlamentlərimizin müsbət rol oynadığını diqqətə çatdıran Spiker Sahibə Qafarova bildirib ki, iki ölkənin ali qanunverici orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirilir. Bunun göstəricisi olaraq, hər iki ölkənin qanunverici orqanlarında işçi qrupları fəaliyyət göstərir. O, pandemiya başa çatandan sonra tərəflər arasında təmasların artacağına inamını ifadə edib.
Ölkəmizin ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında qonağa məlumat verən Sədr vurğulayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək BMT-nin qətnamələrini özü icra edib. Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri, o cümlədən, məscidləri tamamilə dağıdıb. Milli Məclisin Sədri Ermənistanın bütün çağırışlara baxmayaraq, növbəti dəfə hərbi cinayət törətdiyini, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina etdiyini də diqqətə çatdırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Hildi Hamid Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində çalışacağını bildirib. O, Azərbaycanın zəngin təbii sərvətlərə malik, böyük mədəni zənginliyi olan gözəl ölkə olduğunu qeyd edib. Diplomat, hazırda ölkələrimiz arasında münasibətlərin inkişafından razılığını bildirərək, vurğulayıb ki, təhsil, ticarət, enerji, turizm və digər sahələrdə əlaqələrimizin daha da inkişafı üçün geniş imkanlar mövcuddur.
Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər etdiyini söyləyən diplomat orada şahidi olduqlarını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycan dövləti həmin ərazilərin bərpası və yenidənqurulması, bölgədə davamlı sülhün təmin olunması istiqamətində böyük işlər görür. Səfir ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə böyük hörmətlə yanaşdığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.