image-311371291_491628962979322_3878642888745763480_nbackend

“Minaları təmizləmək üçün illər lazım olacaq” – Ukrayna baş nazir müavininin Oxu.Az-a MÜSAHİBƏSİ

image-reklam_sirab_01

Ukrayna ölkənin əvvəllər işğal olunmuş ərazilərini uğurla azad etməkdə davam edir. Bəs Ukrayna hökuməti azad edilmiş ərazilərdə hansı çətinliklərlə üzləşir?

Bildiyiniz kimi, Azərbaycan üçün bu yöndə əsas çətinlik tamamilə dağılmış infrastruktur və mina təhlükəsi idi (hesablamalara görə, artıq azad edilmiş Azərbaycan torpaqlarına bir milyondan çox mina basdırılıb).

Bəs Ukraynada vəziyyət necədir? Əsas aktual problemlər hansılardır?

Oxu.Az-ın ünvanladığı bu sualları Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk cavablandırıb:

– Son bir neçə həftə ərzində Ukrayna ordusu 9 000 kvadrat kilometrdən çox ərazidə 700-dən çox yaşayış məntəqəsini azad edib. Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin işi artıb. Biz işğaldan azad edilmiş bütün ərazilərin reinteqrasiyasını həyata keçirməliyik, ən əsası isə işğal altında yaşamaq məcburiyyətində qalan insanları. Dövlətin, qeyri-hökumət sektorunun və beynəlxalq əlaqələr üzrə mütəxəssislərin fəaliyyətini əlaqələndirməkdən ötrü xüsusi olaraq İşğal olunmuş ərazilər üzrə koordinasiya qərargahı yaradılıb. İlkin olaraq ordu və xüsusi xidmət orqanları stabilləşdirmə tədbirləri həyata keçirirlər. Sonra minalardan ilkin təmizləmə prosesi aparılır. Lakin ərazilərin tam şəkildə minalardan təmizlənməsi üçün illər lazım olacaq.

Siz doğru qeyd edirsiniz, əsas problemlərdən biri mina təhlükəsidir (Azərbaycanda olduğu kimi – red.). Biz hakimiyyət orqanlarının fəaliyyətini və asayişi bərpa edirik. Bununla belə, bizim əsas vəzifəmiz kritik infrastrukturun – işığın, suyun, qazın və istilik təchizatının tez bir zamanda bərpasını təmin etməkdir. Mobil rabitə və internetin bərpası da vacibdir.

Mənzil fondunun və mülki infrastrukturun məhv edilmə dairəsi çox böyükdür. Məsələni qəlizləşdirən amil odur ki, qarşıdan qış gəlir və hər yerdə müvafiq infrastrukturu bərpa etməyə vaxtımız çatmayacaq. Ona görə də azad edilmiş müəyyən ərazilərdə yaşayan əhalini soyuq dövr üçün ölkənin mərkəzinə və qərbinə təxliyə edirik.

Hərəkət imkanları məhdud insanlara, əlillərə və tənha qocalara xüsusi diqqət yetiririk. Biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərdə tibbi xidmət, poçt şöbəsi, banklar və pərakəndə ticarət sahəsi ən qısa zamanda fəaliyyətə başlasın. Biz beynəlxalq donorların köməyi ilə işğaldan əziyyət çəkən və işğaldan azad olunan zaman ərazilərdə yaşayan sakinlərə birdəfəlik pul yardımı ayırırıq.

Biz azad edilmiş ərazilərdə hökumətin humanitar proqramlarını dəstəklədikləri üçün beynəlxalq humanitar təşkilatlara çox minnətdarıq. Biz azad edilmiş ərazilərin inteqrasiyasında böyük rol oynayan ukraynalı könüllülərimizə də sonsuz olaraq minnətdarıq.

Nair Əliyev

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki