Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının çərçivəsində Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı tərəflər 2025-ci il Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalardan sonra Ermənistan-Azərbaycan münasibətlərində əldə edilmiş irəliləyişləri müzakirə ediblər.
Nazirlər Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasının vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsinə xüsusi diqqət yetirilib.
Bu çərçivədə Ermənistan və Azərbaycan arasında ticarət və tranzit əməkdaşlığının sülhün praktiki faydalarının göstəricisi kimi əhəmiyyəti qeyd olunub.
Tərəflər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviqi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda nazirlər birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.


























