Bir çoxumuz Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətləri ikinci Qarabağ müharibəsindən sonra pisləşdiyi, ölkə rəhbərliyinin isə, geosiyasi oriyentasiyasını Qərb istiqamətində dəyişmək niyyətində olduğunu düşündük.
Qarabağda hərbi əməliyyatların Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanın təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi problemlə üzləşdiyini zənn etdik. Düşündük ki, İrəvan hesab edir ki, “əsas tərəfdaşı” olan Rusiya üzərinə götürdüyü sülhməramlı funksiyaları yerinə yetirmir – daha ona “bel bağlamaq olmaz” və Qərbdə yardım axtarır.
Baş nazir Paşinyan da Kremlin ssenarisi ilə hazırlanan tamaşada rolu məharətlə oynaya bildi.
Tərəflərin bir-birinə qarşı irəli sürdüyü ittihamlar, bəyanatlar, sən demə gözdən pərdə asmaq üçün imiş. Həmin pərdənin arxasında Kreml-İrəvan cütlüyü xristian həmrəyliyini daha da möhkəmləndiriblər, özü də bütün sahələr üzrə. Bunun özü elə rəsmilərin dilində etiraf edilib, zaman hər iki dövlət rəhbərliyinin maskasını yırtdı.
Məsələn,bu günlərdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın iştirakı ilə İrəvanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının həmsədrlərinin iclasında Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk mühüm məlumatları açıqlayıb. Onun sözlərinə görə, 2024-cü ilin sonuna kimi Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 14-16 milyard dollara çata bilər.
Overçuk qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə inkişaf edir və iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edir.
Rəqəmlər sözlərdən daha yüksək səslə danışır. 2023-cü ildə qarşılıqlı ticarətin həcmi 55,8% artaraq 7,4 milyard dollara çatıb. Bu il göstərici 14-16 milyard dollara çata bilər.
Overçukun sözləri, xüsusən də onun gətirdiyi rəqəmlər onu deməyə əsas verir ki, Moskva ilə İrəvan arasındakı fikir ayrılıqları diqqəti yayındırmaq üçün yaradılmış siyasi şoudan başqa bir şey deyil. Əslində, onlar ikitərəfli münasibətlərin strateji dərinliyini nümayiş etdirirlər.
Moskva və İrəvan açıq şəkildə beynəlxalq ictimaiyyəti ciddi böhranın mövcudluğuna inandırmağa çalışsalar da, onların ticarət dövriyyəsi nəinki azalmadı, əksinə, sürətlə artdı. Məsələn, 2021-ci ildə ticarət əməliyyatlarının həcmi 2,6 milyard dollar olub, 2022-ci ildə isə 91,7% artaraq 5 milyard dollara çatıb.
Ötən il bu rəqəm 7,4 milyard dollara yüksəlib, bu il isə tərəflər rekord göstəriciyə – 14 milyard dollardan 16 milyard dollara qədər hədəfləyirlər, gördüyünüz kimi, Rusiya Ermənistan iqtisadiyyatının, sonuncunun isə ticarətdən asılılığının əsas sponsoru olmaqda davam edir.
Moskva heç vaxt Ermənistanı orbitindən çıxarmayıb, ona dəstək olub. Bir İkinci Qarabağ mühstibədində rəsmi Bakının ağıllı və uzaqgörən siyasəti qarşısında duruş gətirə bilmədi.
Düzü, Bakı Moskvanın gizlincə Ermənistan üçün tökdüyü göz yaşlarını görürdü. Kermli hər vəchlə Ermənistanı ayaqda saxlamağa çalışıb, bəzi hallarda buna nail də olub.
Ermənistanın Rusiyaya malların təkrar ixracı hesabına sürətlə zənginləşməsi İrəvana imkan verdi ki, xaricdən, o cümlədən Qərbdən silah alışının həcmini xeyli artırsın. Belə çıxır ki, Rusiya Ermənistana pul qazanmaq imkanı yaradır, lakin Qərb buna göz yummağa üstünlük verir.
Onlar Ermənistana təkcə silah satmır, həm də aktiv maliyyə yardımı göstərirlər. Məsələn, Avropa İttifaqı İrəvana rəsmi olaraq infrastrukturun inkişafı, rəqəmsallaşma, iqlim layihələri, nəqliyyat və demokratik islahatlara yönəlmiş 2,6 milyard avro ayırıb. Lakin Ermənistan xarici sponsorlardan qənaət etdiyi vəsaiti səxavətlə hərbiləşdirmə prosesinə yönəldir.
Bundan əlavə, bu ilin əvvəlində hakim “Mülki Müqavilə” partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkonyan bildirib ki, Rusiya silahlarının yeni partiyası artıq Ermənistana hərbi əməliyyatlar çərçivəsində gəlib. Artıq mart ayında parlament komissiyasının rəhbəri Andranik Köçəryan da təsdiqləmişdi ki, “bu gündən həmin alışlar həyata keçirilməyə başlayır”.
Ermənistana Rusiya silahlarının tədarükü bu günə qədər davam edir. Eyni zamanda, 2022-ci ildən başlayaraq Rusiya Azərbaycana bir dənə də olsun patron göndərməyib və bunu Ukrayna ilə müharibə ilə izah edib. Yəni, Azərbaycanla dövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsipləri və 2022-ci il fevral tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannaməsi əsasında inkişaf etdirilməsi ilə bağlı müqavilələri olan Moskva Ukrayna cəbhəsində baş verən hadisələrə görə mahiyyətcə “gözləməyi” təklif edir.
Kremlin ikibaşlı, məkrli siyasəti başında çatlayacaq. Qərb – Ermənistan – Rusiya üçbucağı nə vaxtsa haçalanacaq?Çünki, Rusiya Ermənistanı əzizləsə də, Qərb Putin hakimiyyətinin devrilməsi planı üzərində çalışır. Ermənistan tərəflərin qurbanına çevriləcək. Putinin rəsmi Bakı üzərindən Ermənistanla gizlin sövdələşməsi isə ona başağrısı olacaq.
Vətəninfo.az