image-1backend

Müstəqil və qüdrətli Azərbaycan naminə: Əsas strateji hədəflər və qarşıda duran prioritet istiqamətlər

image-reklam_sirab_01

Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib və geniş nitq söyləyib.
Prezidentin çıxışı qarşıdakı dövr üçün “yol xəritəsi”dir. Eyni zamanda dövlət başçısının çıxışı zamanı verdiyi mesajlar ölkənin strateji hədəflərini, qarşıda duran prioritet istiqamətləri əhatə edir.
Prezident İlham Əliyev: “Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.
Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır”.
Dövlətimizin başçısı çıxışında ölkə qarşısında duran bəzi vəzifələr haqqında fikirlərini Millət vəkilləri və Azərbaycan xalqı ilə bölüşüb.
Azərbaycan Prezidenti “Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik” söyləməklə birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasını qeyd edib, eyni zamanda yerli hərbi sənaye kompleksimizin daha sürətlə inkişaf etdirilməsini, bu məqsədlə böyük vəsait ayrılmasını və gələn il də ayrılacağını, ölkəmizin yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevriləcəyi ilə bağlı bütün imkanlardan istifadə olunduğunu önə çəkib. Növbəti önəmli vəzifənin sərhədlərimizin qorunması ilə bağlı olduğunu söyləyən İlham Əliyev digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsinin vacib şərtlərdən biri olduğunu qeyd edib.
Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlı olduğunu vurğulayan ölkə başçısı bu sahədə daim diqqətli olmağımızı bildirib.
Gənc nəslin milli ruhda böyüməsinin əsas vəzifələrdən biri olduğunu İlham Əliyev çıxışında xüsusilə qeyd edib: “ Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”.
Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsini önə çəkən İlham Əliyev bunu təbii olaraq bizim hər birimizin önəmli vəzifəsi hesab edib,görülmüş işlər və qarşıda duran vəzifələr barəsində müfəssəl məlumatlar verib.
Çıxışında bu ilin iqtisadi sahədə göstəricilərini müsbət qiymətləndirən İlham Əliyev vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyatın daim inkişaf etməli olduğunu əsas şərt hesab edib və sosialyönümlü siyasəti bir daha bizim ümumi siyasətimizin, niyyətimizin əsas göstəricisi olduğunu bildirib.
Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunan dövlət başçısı tarixi Zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəst olduğumuzu və müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimiz olduğunu söyləyib: “Bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi – İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək”.

Bəhman Hüseynov
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki