“Ölkəmizdə narkomanların sayı ötən illərlə müqayisədə artıb”.
Bunu Axar.az-a açıqlamasında müstəqil ekspert Emil Maqalov söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda ən çox narkomaniyaya yoluxan insanlar əsasən Lənkəran, Ağcabədi və Corat bölgələrində yaşayan şəxslərdir:
“Təəssüflər olsun ki, ölkəmizdə narkomaniyaya yoluxan insanlar ötən illə müqayisədə azalmayıb, əksinə artıb. Narkomaniyaya ən çox 20 yaş aralığında yoluxurlar. Narkomaniyaya yoluxan insanlar cinayətkar olmazdan əvvəl xəstə olur və bu xəstəlik onu cinayətkar olmağa vadar edir. Narkoman əvvəlcə həzz yaşamaq üçün iynə vurur. Ondan sonra artıq bədənində buna tələb baş qaldırır. O tələb isə çox güclü ağrı verir. Məhz bundan sonra həmin şəxslər narkotikdən həzz məqsədilə yox, ağrını kəsmək üçün istifadə edir. Onlar tələb olunan dərmanı tapmadıqda cinayətə əl atır. Həmin şəxslərə 3 gündən 15 günə qədər heç bir maddə verməsən, tər-təmiz adam olur. Lakin əsas məsələ bundan sonra baş verir. Məsələn, tutaq ki kimsə siqareti tərgidib və başqa biri sənin yanında siqaret çəkir. Bundan sonra istər-istəməz sənin də meylin çəkəcək. O sağalandan sonra ətraf mühitini dəyişmirsə və yenidən həmin insanlarla oturub-durursa, bu o deməkdir ki, keçmiş narkoman yenidən narkotiki qəbul etməyə başlayır. Yəni həmin şəxslər üçün əsas düşdüyü mühitdən azad olmaq imkanlarıdır. Əgər azad olsalar, bu narkotik üzərində qələbənin əsas göstəricisi olacaq”.


























