image-hemid-arzulubackend

Naxçıvan daha bir alimini itirdi-Həmid Arzulu 83 yaşında dünyasın dəyişdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Naxçıvanda yaşayıb yaradan ziyalılarımızdan biri Həmid Arzulu 83 yaşında dünyasını dəyişib.

Həmid Arzulu ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərərək geniş oxucu kütləsinin pərəstişini qazanıb. Azərbaycan milli şeirinin müxtəlif formalarında yazdığı lirik, ictimai-siyasi mövzuda olan şeir və poemaları qısa müddət ərzində onun yaradıcılıq diapazonu, istedadı barədə dolğun təəssürat yaratmışdır. “Məni çağır” və “Xanbacı və qonaqları” şeirlər kitabında toplanan bu şeir və poemalar müəllifin milli şeirimizin təbiətinə nə qədər dərin bələd olduğundan xəbər verir. Əruz vəznində yazdığı satirik sabiranə şeirləri, sərbəst şeir vəznində qələmə aldığı “Deyirsən ki, açıq danış” poeması, ənənəvi janrda dərc etdirdiyi “Kəndimizin dastanı”, “Bayramım-Novruzum gəlir” və nəhayət, “Şərq qapısı” qəzetinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülən “Heydərnamə” poeması, digər şeir və mənsur hekayələri Həmid Arzulunun poeziya sahəsində çoxşaxəli yaradıcılığa malik olduğunu göstərdi. Alman dilindən poeziya tərcüməsi sahəsində çox gərgin işləyən və bu sahəyə fanatikcəsinə bağlı olan şair alman klassik şairlərindən Henrix Heynenin “Hars səfəri” povestini və bu povestdə olan yüz beytə qədər lirik şeirləri, Yohan Volfqanq Hötenin məşhur “Qərb-Şərq” divanını, Qothold Efraim Lessinqin alman dramaturgiyasının incisi hesab edilən “Müdrik Natan” mənzum dramını, Fridrix Şillerin “Balladaları”nı, həmçinin Qothold Efraim Lessinqin “Emiliya Qalotti” faciəsini , “Minna fon Barnhell” komediyasını, Bertold Brextin “Təbaşir xaç” dramını, Stefan Sveyqin “Novellaları”nı orijinaldan dilimizə tərcümə edərək nəşr etdirmişdir.

Həmid Arzulu həm də alman dilindən bədii tərcümə sahəsində geniş tədqiqat aparan və bu sahədə dissertasiya müdafiə edən ilk alimlərimizdən biridir. Həmid Arzulu 1988-ci ildə “Alman dilindən Azərbaycan dilinə bədii tərcümə zamanı poetik forma və üslubi xüsusiyyətlərin əks etdirilməsi prinsipləri” mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi dərəcəsini almışdır. Hazırda o, “Alman klassik poeziyasının Azərbaycan dilinə tərcüməsinin nəzəri və praktik prinsipləri” mövzusunda doktorluq işini 2010-cu ildə müdafiə edərək filologiya elmləri doktoru olmuşdur. Onun bu sahədə 30-dan çox elmi məqaləsi, monoqrafiyası, “600 alman – Azərbaycan atalar sözləri lüğəti” nəşr olunmuşdur.

H.Arzulu geniş oxucu kütləsinə həm də yazıçı-dramaturq kimi tanışdır. Onun Naxçıvan Dövlət Musiqili Dram Teatrında altı əsəri; dörd dram əsəri, bir komediyası və bir lirik-psixoloji pyesi tamaşaya qoyulmuş, iki dram əsəri (“Ürəyə qəsd” və “Dəfinə axtaranlar”) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir.

Tarixi mövzuda Həmid Arzulunun bir sıra hekayələri (“Göy geyimli fateh”, “Çinarlar qurumur”, (“Qaya altında səs”), bir povesti (“Günahsız şikəstlər”), iki romanı (“Qaçaq Quşdan” və “Qara Xəncər”) nəşr edilmişdir. İstər “İnam”, “Əlincə Qalası”, və “İtilənən xəncərlər” pyesləri, istərsə də “Qaçaq Quşdan”, “Qara Xəncər” romanları və “Günahsız şikəstlər” povesti ədibin doğma Vətəni Naxçıvanın qəhrəmanlıq tarixinə, azadlıq, müstəqillik uğrunda mücadiləsinə, namuslu və qeyrətli insanların 1937-ci illər repressiyasına və erməni faşistlərinin bu torpaqlarda törətdikləri qanlı cinayətlərə və departasiyalara həsr edilmişdir.

Naxçıvanın qəhrəmanlıq tarixini müntəzəm olaraq ədəbiyyatımıza gətirməkdə Həmid Arzulunun xidməti təqdirəlayiqdir. Naxçıvanda və Bakıda geniş yayılan bu romanlar barəsində mərkəzi və yerli mətbuatda qiymətli məqalələr, çox geniş təqdiredici rəylər yazılmışdır. Akademik Bəkir Nəbiyev, filologiya elmləri doktoru, professor Yavuz Axundlu, hərbçi jurnalist və yazıçı Abdulla Qurbani, filologiya elmləri namizədi Hüseyn Həşimli, Aydın Dadaşov, şair Əbülfəz Muxtaroğlu, tarix elmləri namizədi, şair Vaqif Məmmədov, teatrşünas Cəlil Vəzirov və başqaları Həmid Arzulu yaradıcılığında tarixiliyin mühüm əhəmiyyət kəsb etdiyini və onun bu sahədəki xidmətlərini yüksək qiymətləndirmişlər. Tədqiqatçı Həsənalı Eyvazov isə 2005-ci ildə “Həmid Arzulunun yaradıcılığında tarixilik” adlı monoqrafiyasını nəşr etdirmişdir.

Həmid Arzulu daha bir tarixi dram yazıb qurtarmışdır. Dram Naxçıvandakı Əshabi-Kəhfə həsr edilmişdir. Bu, ədibin ilk mənzum dramıdır.

Həmid Arzulu ömrünün 50 ilini müəllimliyə həsr etmişdir. O, ilk müəllimlik fəaliyyətinə doğma kəndlərində başlamış, bir müddət ictimai vəzifələrə irəli çəkilsə də, nəhayət, pedaqoji işə qayıtmış, mərkəzi və yerli mətbuatda təhsilimizin ən aktual problemlərinə dair elmi-metodiki məqalələrlə çıxış etmiş, qabaqcıl müəllim və məktəblərin fəaliyyətini yorulmadan təbliğ etmişdir. Onun metodiki tövsiyə və məcmuələri həmişə müəllimlərə gərək olmuşdur.

Həmid Arzulu Naxçıvan MR əməkdar müəllimidir. Hal-hazırda o, Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidən hazırlanma üzrə prorektor vəzifəsində çalışırdı.

Bu gün yuxarıda qeyd etdiyimiz yaradıcılığın sahibi,gözəl ailə başçısı,gözəl dost, gözəl ziyalı, gözəl ədəbiyyat adamı, çevrəsindəki insanlara hər zaman sevgi ilə yanaşan Həmid Arzulu aramızdan 83 yaşında əbədi olaraq ayrıldı. Həmid müəllim cismani olaraq bizdən ayrılsa da o hər zaman onu sevənlərin qəlbində yaşayacaq.

Allah rəhmət etsin!

 

Nahid Canbaxışlı

“Vətəninfo.az” İnformasiya Agentliyinin

baş redaktoru 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki