Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan şəxslərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondunun fəaliyyəti və maliyyə şəffaflığı ilə bağlı ciddi suallar səsləndirilir.
Şəhid ailələri və müharibə iştirakçıları tərəfindən verilən müraciətlərə əsasən, dərman və müalicə xərclərinin qarşılanması üçün müraciət edən şəhid analarına, övladının təhsilinə dəstək istəyən şəhid həyat yoldaşlarına, evinin təmirinə ehtiyacı olan şəhid atalarına, əlil arabası və protez üçün müraciət edən qazilərə, eləcə də müxtəlif sosial problemlərlə üzləşən veteranlara “fondda vəsait yoxdur” cavabının verildiyi bildirilir.
Əgər bu məlumatlar doğrudursa, ortaya mühüm sual çıxır: Şəhid ailələri və müharibə iştirakçılarına dəstək məqsədilə yaradılmış Fondun indiyədək topladığı vəsaitlər hansı istiqamətlərə xərclənib?
Cəmiyyətə açıq və şəffaf hesabat təqdim olunmalıdır:
Fond yarandığı gündən bu günədək nə qədər vəsait toplanıb?
Bu vəsaitlər hansı mənbələrdən daxil olub?
Nə qədər vəsait şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən yardımlara yönəldilib?
Yardımlar hansı meyarlar əsasında və kimlərə ayrılıb?
Fondun maliyyə fəaliyyəti ilə bağlı ictimaiyyətə nə vaxt və hansı formada hesabat təqdim olunub?
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müxtəlif çıxışlarında şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışır. Lakin ayrı-ayrı ailələrin səsləndirdiyi narazılıqlar bu istiqamətdə görülən işlərin real nəticələrinin və sosial yardımların əlçatanlığının daha ciddi şəkildə araşdırılmasını zəruri edir.
Şəhid ailəsinin dərmana, şəhid övladının təhsilə, şəhid atasının evinin təmirinə, qazinin isə protezə və ya əlil arabasına ehtiyacı varsa, onların müraciəti sadəcə “büdcədə pul yoxdur” cavabı ilə yekunlaşmamalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görülməsi ilə bağlı müəyyənləşdirilən dövlət siyasəti bütün şəhid ailələrinə və müharibə iştirakçılarına bərabər, ədalətli və şəffaf şəkildə tətbiq edilməlidir.
Şəhid ailələrinin və qazilərin sosial problemləri statistik göstəricilərlə deyil, real nəticələrlə həll olunmalıdır.
“DƏSTƏK” Fondundan şəffaflıq və hesabatlılıq gözlənilir. İctimaiyyətin və xüsusilə şəhid ailələri ilə müharibə iştirakçılarının suallarına açıq və əsaslandırılmış cavab verilməlidir.
Şəhid ailəsinə dəstək sadəcə sözlə deyil, əməldə göstərilməlidir!
Əliyar İslamoğlu


























