Görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirmişdir ki, 147 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir.
Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.
“Bununla 44 günlük Vətən müharibəsində jurnalistikanın, xüsusən də bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu vurğulamaq vacibdir.
İkinci Qarabağ müharibəsi zamanı KİV nümayəndələri cəbhə bölgəsində aktiv iştirak ediblər. Ümumən Vətən müharibəsinin informasiya cəbhəsinin qurulmasında jurnalistika fəal rol oynadı. Bu baxımdan ermənilərin informasiya təxribatları ilə bağlı beynəlxalq media ictimaiyyətini ətraflı məlumatlandırdılar. Bütün bunlar qələbənin qazanılmasında mühüm rol oynadı.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ““Xalq Qəzeti” nin baş redaktoru Həsən Həsənov, “Səs” qəzetinin baş reredaktoru Bəhruz Quliyev və “İki sahil” qəzetinin baş reredaktoru Vüqar Rəhimzadə çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmış, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.