image-01-36backend

Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

image-reklam_sirab_01

Nəsimi Rayon İcra Hakimiyyətinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli,rayondan seçilmiş millət vəkilləri, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, mədəniyyət işçilərinə həmişə diqqət və qayğı göstərib.
Rektor F.Bədəlbəyli Azərbaycanda mədəniyyət sahəsinin inkişafı və peşəkar kadrların hazırlanmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu xatırladıb: “Heydər Əliyev ömrünün 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib. Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin qüdrətlənməsi üçün olan addımları, xalqa qayğısı daim göz önündə olub. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib”.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.
A.Əsgərovun çıxışına davam edərək bildirdi ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin siyasətinin nəticələridir: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün bir tapıntıdır. Çünki Heydər Əliyev yalnız millətinin gələcəyini düşünüb, demək olar ki, öz canını fəda edib. İkinci dəfə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük ki, o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi”.
Asif Əsgərov Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Natiq daha sonra qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib. Tədbir daha sonra Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib. Konsert proqramında ifa olunan Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanmışdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki