Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Qara Qarayev prospekti boyunca, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Q.Qarayev” metrostansiyaları ətrafında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Rayon Polis İdarəsi ilə birgə profilaktik tədbir keçirilib.
Keçirilən reydlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət halları Nizami Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin əməkdaşları tərəfindən aşkarlanaraq aradan qaldırlması istiqamətində müvafiq tədbirlər görülüb.
Eyni zamanda, qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə qurumların əməkdaşları tərəfindən izahedici söhbətlər aparılaraq xəbərdalıq edilib və onlara belə halların təkrarlanacağı təqdirdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunacağı bildirilib.
Həmçinin səkilərdə, yol kənarlarında, iri ticarət mərkəzlərinin önündə qadağan olunmuş yerlərdə park edilmiş maşın sahiblərinə, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə onların bu hərəkətlərinin piyadaların, digər yol iştirakçılarının, o cümlədən ictimai nəqliyyatın hərəkətinə maneə yaratdıqları, ərazidə tıxaclara gətirib çıxardıqları bildirilib və onlar ərazidən kənarlaşdırılaraq yaxınlıqda olan parklama yerlərinə yönləndiriliblər.
Bundan əlavə, piyadaların və nəqliyyatın hərəkətinə mane olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən standartdankənar reklam lövhələri səkilərdən, yol kənarlarından götürülərək ərazidən kənarlaşdırılıblar.
Qeyd edək ki, bu kimi reydlər rayon ərazisində mütəmadi olaraq keçiriləcəkdir.