image-5r4a9372backend

Nizami rayonunda qış mövsümünə və qarlı hava şəraitinə hazırlığın vəziyyətinə dair müşavirə keçirilib

image-reklam_sirab_01

Nizami Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə 2022-2023-cü illərin payız-qış mövsümü ilə əlaqədar həyata keçirilən hazırlığın vəziyyətinin öyrənilməsi və qış aylarında kəskin qarlı hava şəraitində küçə və prospektlərin qardan təmizlənməsi istiqamətində görüləcək işlərə dair müşavirə keçirilib.
Müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehrəliyev, idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə ocaqlarının, rayonun xidmət sahələrinin rəhbərləri və sahibkarlar iştirak ediblər.
Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov bildirib ki, payız-qış mövsümünə hazırlıqla bağlı Nizami Rayon İcra Hakimiyyətində qərargah yaradılıb və tədbirlər planı təsdiq edilib. Aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələri tərəfindən rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının davamlı elektrik, qaz, istilik və su ilə təmin olunması, sakinlərə keyfiyyətli kommunal xidmətin göstərilməsi üçün tədbirlər görülüb. Eyni zamanda, qarlı hava şəraitində küçə və prospektlərlə yanaşı əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, əlavə texnikalar alınıb, kifayət qədər inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq edilib.
Bundan əlavə, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvlərinin, rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı bildirilib, hər hansı ciddi hal yaranarsa onun dərhal aradan qaldırılması məqsədilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehrəliyev çıxış edərək, qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 2022-ci il tarixində keçirdiyi müşavirədə verilən tapşırıqları diqqətə çatdırıblar və zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Müşavirədə payız-qış mövsümünə hazırlığının vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı qarşıya çıxan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki