image-1backend

“PUTİNƏ ƏN BÖYÜK HƏDİYYƏDİR…” – “Amerika qoşunları Rusiya ilə döyüşmək məcburiyyətində qalacaq”

image-reklam_sirab_01

Qərbin riyakar, iküzlü və qorxaq siyasəti Rusiyanın işğalına məruz qalan Ukraynanı getdikcə daha çətin duruma salır. ABŞ Konqresinin Ukraynaya həyati dərəcədə vacib olan yardımla bağlı qanun layihəsini heç cür qəbul edə bilməməsi, prosesi müxtəlif bəhanələrlə yubatması bunun bariz nümunəsidir.

Vətəninfo.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden çərşənbə günü müraciətində Konqres üzvlərini Ukraynaya əlavə maliyyə ayrılmasını dəstəkləməyə çağırıb və deyib ki, əgər Putin Ukraynanı ələ keçirsə, daha sonra NATO müttəfiqlərindən birinə hücum edə bilər. Bu zaman isə ABŞ ordusu Rusiya qoşunları ilə döyüşmək məcburiyyətində qalacaq.

Baydenin sözlərinə görə, Ukraynaya əlavə yardımın təsdiqlənməsi “artıq gözləyə bilməz”: “Konqres Milad tətilinə qədər Ukrayna üçün əlavə maliyyələşdirməni təsdiq etməlidir. Bu, çox sadədir.”

Prezidentin fikrincə, bu yardımı göstərməkdən imtina etməklə, ABŞ Konqresi “Putinə ən böyük hədiyyəni vermək istəyini nümayiş etdirir”.

Bayden Konqres üzvlərinə Rusiyanın Ukraynada uşaq oğurluğundan tutmuş mülki infrastrukturun, günahsız mülki əhalinin məhvinə qədər hərbi cinayətlərini xatırladıb və əlavə edib ki, Ukraynaya yardım edilməsə, bir müddət sonra Rusiyanın qarşısına ABŞ əsgəri çıxmalı olacaq: “Putin Ukraynanı ələ keçirsə, bununla dayanmayacaq. Buna uzunmüddətli perspektivdə baxmaq vacibdir. O, hücumunu davam etdirəcək və bunu açıq şəkildə söyləyib. O, NATO müttəfiqinə hücum edəcək və biz NATO üzvü kimi Alyansın hər qarış ərazisini müdafiə etməyə borcluyuq. O zaman bizim istəmədiyimiz və indi olmayan bir şey baş verəcək – Amerika qoşunları Rusiya ilə döyüşəcək”.

Amerika Prezidenti vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiyanın qalib gəlməsinə imkan verə bilməz və ABŞ-nin Ukraynaya kömək edə bilməməsi “Putinin mövqeyini açıq şəkildə gücləndirir”.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Senatındakı Demokratlar partiyasının nümayəndələri Ukrayna və İsrailə yardım göstərmək üçün təxminən 111 milyard dollar dəyərində milli təhlükəsizliyin maliyyələşdirilməsi paketi, eləcə də cənub sərhədinin qorunmasına yönəlmiş tədbirləri təqdim ediblər. ABŞ-nin cənub sərhədinin qorunması məsələsi Konqresdə Demokratlar və Respublikaçılar partiyalarının nümayəndələri arasında fikir ayrılığının əsas mənbəyinə çevrilib və bu, hazırda Ağ Evin Ukraynaya yardım üçün əlavə maliyyə dəstəyinin təsdiqini ləngidir.

Göründüyü kimi, hazırda Ukraynada hər gün yüzlərlə, minlərlə insan həlak olurkən, cəbhədə dünyanın gələcəyinin taleyi həll edilirkən ABŞ Konqresi miqrasiya problemlərini bəhanə gətirərək, Kiyevə yardımı dayandırır. Bu isə özünü təkcə iqtisadi deyil, həm də siyasi supergüc kimi təqdim edən, bununla öyünən ABŞ-nin bir dövlət kimi məsuliyyətsizliyini, saymazlığını, dünya liderliyinə iddialarının saxta və əsassız olduğunu göstərir.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki