image-ordubackend

   Qalib xalqın qəhrəman Ordusu

image-reklam_sirab_01

                

Son 16 ildə aparılan araşdırmalar nəticəsində, xüsusilə qeyd edə bilərik ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu regionuna çevrilib.  Bu  ümummilli  liderimiz Heydər  Əliyevin ciddi  səyləri  nəticəsində  mümkün  olmuşdur. Azərbaycan   suverenlik  qazanandan  sonra  Heydər  Əliyevin  rəhbərliyi  altında  Silahlı Qüvvələr  quruculuğu  sahəsində  aparılan  işlər  ölkəmizdə  mütəşəkkil,  qüdrətli  Ordu yaratmağa  imkan  vermiş,  onun  gələcəkdə  daha  da  möhkəmlənməsi  üçün  əsaslı zəmin yaratmışdır. Bu  gün  Azərbaycan  Respublikasının  Prezidenti,  Ali  Baş Komandan  cənab  İlham  Əliyevin  rəhbərliyi  altında  Azərbaycan  Ordusu  dünyanın   50  ən  güclü ordusu  sırasına  yüksəlib.  Azərbaycan  Silahlı  Qüvvələri   bizim qoruyucumuz,  təhlükəsizliyimizdir.  Milli  Ordumuz  hər  bir  Azərbaycan vətəndaşının  qürur  mənbəyidir. Bütün  bunlar  Prezident, Ali  Baş  Komandan  İlham  Əliyevin Ordumuzun  güclənməsi  və möhkəmlənməsi  üçün  göstərdiyi  diqqət və qayğının   uğurlu  nəticəsidir.

Cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxarıb. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi ən mühüm tarixi əhəmiyyətə malikdir. Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir.

Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də od-alovundan keçərək mətinləşdi, müasir inkişaf səviyyəsinə gəlib çatdı. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Ordusu bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır.  Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü ordusu sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib.

44 günlük müharibədə həm canlı qüvvə, həm də döyüş texnikası sarıdan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Bu mənada Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Bu faktın özü bir daha sübuta yetirdi ki, Azərbaycan gəncliyi mübariz ruhludur. Vətəni uğrunda göz qırpmadan döyüşlərə atılmağa, düşməni məhv etməyə hazırdır! Torpağı, eli, obası onun üçün müqəddəsdir. Belə ruha malik olanların qarşısında isə tab gətirmək mümkünsüzdür. Əslində, bu gün tək Azərbaycan gəncliyi yox, kiçik və böyüyündən, cavan və yaşlısından, kişi və qadınındın asılı olmayaraq bütün cəmiyyət ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpağına öz qanını halal etməyə hazırdır! İndi orduya çağırılan hər bir gənci valideyni daha kədərdən yox, sevincdən doğan göz yaşları içində yola salır. Qədimdən gələn ənənəmizin davamı olaraq yenə ordu sıralarına oğullarımız musiqi sədaları altında göndərilir. Ali Baş Komandanın tez-tez hərbi qulluqçularla görüşməsi, cəbhə xəttində olan əsgərlərə baş çəkməsi, onlarla birgə eyni süfrə arxasında əyləşməsi isə orduya, əsgər və zabit heyətinə nə dərəcədə böyük bir diqqətin olduğunu real zəmində nümayiş etdirir.

Yüksək qayğı və diqqət əhatəsində olan ordu indi qürur mənbələrimizdən biridir. Buna görə xalq arasında Azərbaycan əsgəri, zabiti barəsində xüsusi bir hörmətlə danışılır. Ordunun şərəfinə əsərlər yazılır, mahnılar bəstələnir. Qəzet səhifələrində, radio və televiziya verilişlərində ordumuzun qüdrətindən bəhs edən materiallar hazırlamasına isə hər bir media təmsilçisi böyük həvəslə, şövqlə yanaşır. Sənət adamlarımız, müğənnilərimiz öz yaradıcılıqlarında, mahnılarında, kliplərində Azərbaycan əsgərinin simasının yer almasından qürur duyurlar. Bütün bunlar orduya inamın bariz təzahürləri kimi çıxış edir.

Biz sizə borcluyuq, ey Azərbaycan əsgəri! Sizlərin sayəsində, bu dövlət inamla bir çox sahədə uğurlu addımlar atacaq. Son olaraq, məqaləmi İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm:

Azərbaycan güclü dövlətdir!

Azərbaycanın güclü ordusu var!

 

    Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi

     Əliyeva Zenfira Taleh qızı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki