image-1backend

Qax və Oğuzda fermer təsərrüfatlarına dəstək göstərilib – FOTO

image-reklam_sirab_01

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir.

Vətəninfo.az xəbər verir ki, növbəti dəstək göstərilən təsərrüfat Qax şəhərinin Turaclı kəndində yerləşən Yusif Tarverdiyevin təsərrüfatı olub. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və Qax Rayon İcra Hakimiyyətinin başçısının müavini Elbrus Tağıyev, layihənin dəstək göstərdiyi aqroturizm təsərrüfatlarının sahibləri, Mingəçevir Turizm Kollecinin aqroturizm ixtisasının tələbələri təsərrüfatı ziyarət ediblər.

Əsasən balıqçılıq və bağçılıqla məşğul olunan “Göl kənarı” təsərrüfat sahəsi 1996-cı ildə salınıb, aqroturizm fəaliyyətinə isə 2023-cü ilin may ayından başlanılıb. Təsərrüfat sahəsi 10 hektar ərazini əhatə edir ki, bunun 5.8 hektarı bağ sahəsi, 2.2 hektarı göl sahəsi, qalan ərazisi isə meşə zolağıdır. Bağ sahəsinin 90%-i fındıq bağları, 10%-i isə qarışıq meyvə bağlarından ibarətdir. 4 böyük, 1 kiçik gölü olan təsərrüfatda 3 növ balıq növləri mövcuddur.

Dəstək tədbirləri nəticəsində burada söhbətgah, manqal kompleksi, təndirxana, bulaq və su quyusu kimi insfrastruktur obyektləri tikilib, eləcə də təsərrüfat masa, oturacaqlar və park oturacaqları ilə təmin edilib. Təsərrüfat daxilində təbiətin qoynunda istirahət etmək istəyənlər üçün 5 ədəd böyük çadır qurulub, ocaq zonası və sanitar qovşağı olan kamp zonası yaradılıb. Bundan başqa təsərrüfat dolab, dondurucu və bir sıra mətbəx ləvazimatları ilə yanaşı, iki yelləncək, rəngli lampalar, dama oyunu dəsti kimi dekorativ ləvazimatlarla da təmin olunub.

Ziyarət zamanı turistlər təsərrüfatda göldə balıq tutub, region mətbəxinin təamlarını dadıblar. Tədbir daha sonra regionda yaşayan azsaylı xalqların mədəniyyətini əks etdirən rəqs proqramı ilə davam edib.

Bundan başqa layihə çərçivəsində Oğuz rayonunun Baş Daşağıl kəndində yerləşən Mehdi Ramazanova məxsus təsərrüfatın abadlaşdırılması həyata keçirilib. Dəstək tədbirləri nəticəsində söhbətgah, təndirxana və manqal kompleksi tikilərək istifadəyə verilib, eyni zamanda təsərrüfat masa, oturacaqlar, dolab ilə təmin edilib.

15 sot həyətyanı sahəsi və ayrıca kamp üçün ərazisi olan təsərrüfat bulaqlara, şəlaləyə və Uğan mağarasına yaxındır. Burada meyvəçilik və tərəvəzçilik (kartof, lobya, sarımsaq, göyərti və s.) ilə məşğul olunur, toyuq-cücə və qaz saxlanılır. Təsərrüfatda 12 nəfərin gecələməsi və 30 nəfərin qidalanması üçün şərait var. Qeyd edək ki, təsərrüfat sahibləri “Aqroturizmin əsasları” mövzusunda keçirilən təlimdə iştirak ediblər.

“Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 267 təsərrüfat sahibi iştirak edib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.

image-1 image-2 image-3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki