image-f7b2e026-6bca-337c-bdeb-02db12ee420f_850backend

Regionların abadlaşdırılma prosesi son sürət ilə davam edir.

image-reklam_sirab_01

Hər kəsə məlumdur ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsi ölkəmizdə diqqət mərkəzində saxlanılır. Regionların inkişafı, müasir iqtisadi və sosial infrastrukturun yaradılması və digər layihələr reallaşdırılır. Hal-hazırda təsdiq olunmuş bütün dövlət proqramları mərhələli şəkildə icra olunur. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Təbii ki, dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır. Bütün görülən işlər insanlar üçün gözəl şərait yaradır. Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Hacıqabula səfər edib və bu barədə öz təəssüratlarını bildirib. Onun sözlərinə görə, Hacıqabul ərazisində abadlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir. Həmçinin, aqroparkların da fəaliyyət göstərməsi ilə bağlı fikirlərini dilə gətirən cənab Prezident, Hacıqabul ərazisindəki torpağın münbitliyinin də nəzərə alsaq, bu aqroparkların güclü bir şəkildə fəaliyyət göstərməsinin, uğurlu siyasətin nəticəsi olduğunu vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizdə aparılmaqda olan abadlıq işlərinə yeganə əngəl isə, erməni qüvvələrinin minalanmış ərazilərin xəritəsini Azərbaycan Respublikasına təqdim etməməsidir. Lakin buna baxmayaraq, yenədə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri mümkün qədər həyata keçirilməyə davam edir.

Eyni zamanda bildirmək istəyirəm ki, yeni sosial obyektlərin istifadəyə verilməsi, yeni iş yerlərinin açılması deməkdir: “Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas yer tutur. Prezident İlham Əliyev ilk gündən bu tezisi irəli sürüb ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Həmçinin ölkə ictimaiyyətinin irəli sürülən təşəbbüsləri, atılan addımları dəstəkləməsi böyük ruh yüksəkliyi yaradır. Bu gün bölgələr arasında sağlam rəqabətin mövcudluğu rayonların inkişafına, onların simasının tamamilə dəyişməsinə, malik olduqları resurslardan səmərəli istifadəyə geniş imkanlar yaradır. Azərbaycan brendi kimi dünyaya səs salan “ABAD” mərkəzləri kiçik və orta sahibkarlığın inkişafına böyük dəstəkdir. Ailə təsərrüfatlarına asan dəstək funksiyasını uğurla yerinə yetirən “ABAD” mərkəzlərinin coğrafiyasının genişlənməsi də günümüzün reallıqları sırasındandır.

Hər birimizin bildiyi üzrə, Böyük Vətən müharibəsi zamanı və bundan öncəki hadisələrə də nəzər yetirdikdə, Ermənistan tərəfinin bizlərə qarşı törətdiyi soyqırım və cinayət hadisələri, olduqca gözəçarpan formadadır.

Ermənistan tərəfindən törədilən bu cinayətlər müntəzəm olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Azərbaycan Prezidentinin son dövrlər beynəlxalq mediaya verdiyi müsahibələrində və çıxışlarında bu tezislər hər zaman prioritet məsələ kimi önə çəkilmiş, diplomatik korpus nümayəndələri bu cinayətlərin törədildiyi zonalara mütəmadi baş çəkmişlər. Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən bu cinayət faktları beynəlxalq məhkəmə instansiyalarına, o cümlədən Avropa Məhkəməsinə müvafiq məlumat təqdim edilmiş, Ermənistanın Konvensiya öhdəliklərinə əməl etməməsi, silahlı münaqişə başlayandan Azərbaycana qarşı müharibə cinayətləri törətməsi və bunun nəticəsində onlarca mülki şəxsin həlak olması, yüzlərlə vətəndaşın yaralanması, minlərlə yaşayış binalarının, şəxsi evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsi bildirilmişdir.

İstər ekoloji, istər maddi cəhətdən bizə böyük zərərlər verməyə çalışan düşmən qüvvələri, öz cavablarını layiqli bir şəkildə aldılar. Müharibə zamanı, dinc əhaliyə hücum çəkən, roket atan və onlarla qadının, azyaşlı uşaqların, insanların yaralanmasına hətta həyatına son qoyulmasına yol açan davranışlar sərgiləyən düşmən qüvvələri, bu gün də minalanmış ərazilərin yerini bizdən gizlədərək növbəti hərbi cinayəti törətmiş olur.

Bütün bu faktları nəzərdə aldıqda, kimin haqlı, kimin günahkar tərəf olduğu, aydın bir şəkildə başa düşülür. Haqlı və qalib tərəf olan Azərbaycan, şəhidlərimizin, Ordumuzun canı bahasına düşmən tapdağından azad etdiyi torpaqları cənnət guşəsinə çevirəcək, dirçəldəcək və İnkişaf etdirəcəkdir. Son sürətlə davam etməkdə olan abadlıq işləri, qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərimizin öz əhalisinə qovuşacağını, həmçinin, turistlərimizin də axın etdiyi bir məkana çevriləcəyinin göstəricisidir.

Azərbaycan Dillər Universitetinin tələbəsi – Əlixanlı Fatimə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki