image-img-20210724-wa0020backend

Regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir

image-reklam_sirab_01

Bu gün ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq və iqtisadiyyatı şaxələndirmək dövlətimizin qarşıya qoyduğu başlıca məqsədlərdən biridir.Bu məqsədlə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, dayanıqlı və möhkəm iqtisadiyyata nail omaq üçün ciddi əməli tədbirlər görülür, əsaslı və köklü islahatlar həyata keçirilir.
Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkiaşfını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə 2004-cü il fevral ayının 11-də Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiq olunmuş və icrasına başlanmışdır. Bu proqram ölkənin hərtərəfli sosial-iqtisadi inkişafında əvəzsiz rol oynayan bir sənəddir. Belə ki, Dövlət proqramları əsasında həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün respublikamızın bütün regionlarında sosial-iqtisadi inkişafa, tərəqqiyə nail olunur.
Paytaxt və regionlarda istehsal və xidmət sahələri davamlı şəkildə inkişaf edir, yeni-yeni müəssisələr yaradılır. Bu isə öz növbəsində yeni iş yerlərinin artımına səbəb olur ki, bu da ölkə vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət etmiş olur. Həmçinin dövlət qayğısı olaraq iş əldə etməkdə çətinlik çəkən aztəminatlı vətəndaşlarımızın aylıq qazanc əldə etmələri və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən minlərlə ödənişli ictimai iş yerləri yaradılır.
Eyni zamanda regionların sosial-iqtisadi inkişafına nail olunması yollarından biri də ölkədə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsidir. Bu səbəbdən dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin inkişafı, həmçinin ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması əsas hədəflərdən biri hesab edilərək, kənd təsərrüfatı sahəsi üzrə istehsal imkanlarının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artımına nail olunması üçün çox ciddi islahatlar aparılır, şəffaflıqla, güzəştli kreditlərlə, subsidiyalarla bağlı yeni mexanizmlər hazırlanaraq tətbiq edilir.
Prezident İlham Əliyev hər il respublikanın rayonlarına müntəzəm səfərlər edir, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir.
Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşımızda duran mühüm vəzifələrdən biri də işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır və artıq bərpa işləri bir neçə müddətdir davam edir. Prezident İlham Əliyevin 2021-ci il 22 iyul tarixində Daşkəsən rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə “Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq” deyə vurğulamışdır. Digər əsas sahələrdən biri yol infrastrukturudur ki bununla bağlı da ölkə başçısı çıxışında “Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir” bildirmişdir.
Bu sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizdə aparılan məqsədyönlü, düzgün siyasətin nəticəsidir. Son 18 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müxtəlif istiqamətlərdə islahatlar aparılıb. Ölkədə aparılan islahatlar sosial-iqtisadi inkişaf üçün möhkəm hüquqi əsaslar yaradıb. Bu gün Azərbaycan dünyada yüksək investisiya cəlbediciliyinə malik ölkə kimi tanınır. Hazırda Azərbaycan iqtisadiyyatının maliyyə təminatı yüksək səviyyədədir. Milli iqtisadiyyatımızın müxtəlif istiqamətlərinə həm daxili, həm də xarici mənbələrdən böyük həcmlərdə investisiyalar yönəldilir. Bütün bunlar iqtisadi gücümüzü, dünyadakı reytinqimizi artıran amillərdir.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki