image-1backend

Rus ziyalılar üçün seçim – ya piraniya olacaqlar, ya da kambala

image-reklam_sirab_01

Ədəbiyyat və incəsənət adamlarına münasibətdə Rusiya ötən əsrin ortalarına – Stalin hakimiyyətinin axırı, Xruşov dönəminin ortası, Brejnevin dövrünün əvvəlinə düşən illərə qayıdıb.

Hazırda bu ölkədə rəyi, fikri hakimiyyətin siyasi kursu ilə üst-üstə düşməyən yaradıcı adamlar təqib olunur, “xarici agent” adlandırılır, həbslərə, cərimələrə məruz qalırlar. “Patriot”lar onları asanlıqla “vətən xaini” elan edirlər. Bu üzdən bir çox rusiyalı ziyalılar xaricə üz tutublar.

Onlar ya bəşəri dəyərlərə arxa çevirərək, Rusiyanın işğalçı müharibəsini dəstəkləməliydilər, ya da sülhə çağırış etməli, haqsız və qanlı müharibəyə qarşı çıxmalı, qardaş qırğınının dayandırılması üçün səslərini ucaldaraq “vətənə xəyanət” etməliydilər. Həmin ziyalılar isə bəşəri dəyərlərə xəyanət etməyərək, hərbi təcavüzkarın yanında durmamağı seçiblər.

Ona görə də hazırda Dövlət Dumasında belə şəxslərin cəzalandırılmasına dair çağırışlar güclənməkdədir. Axırıncı dəfə məşhur yazıçı Boris Akunin (əsl adı Qriqori Çxartişvilidir, ölkəmizdə də xeyli kitabı çıxıb) və Dmitri Bıkov “rus patriot”ların hədəfinə çevrilib. Onların günahı odur ki, Ukraynaya rəğbət ifadə edən, müharibəyə qarşı olan cümlələr işlədiblər.

Özü də bu necə baş verib. Rusiyada Vovan və Leksus təxəllüslü istedadlı təqlid ustaları var, öz adlarını pranker (zarafatcıl) qoyublar. Onlar məşhur adamlara zəng edir, başqa bir nüfuzlu və məşhur siyasi liderin səsiylə danışır, qurbanlarına yönəldici suallar ünvanlayır, qalmaqallı cavablar alır, sonra görüntü və səsləri yayırlar. Nəticədə qalmaqal qopur. Leksus və Vovan bu fəndi bir çoxlarına tətbiq edib, axırıncı dəfə isə yazıçıları tələyə salıblar. Onlar da güman ki, düşündüklərini dilə gətiriblər və bu düşüncə ilə RF-nin hazırkı hərbi-siyasi kursu üst-üstə düşmədiyindən xoşagəlməz durum yaranıb.

Görünür, Vovan və Leksusun etdikləri ya öz patriotik damarlarının yoğunluğundandır, ya da hansısa xüsusi xidmət orqanın layihəsidir, bu üsulla “daxili düşmənləri” ifşa etmək, üzə çıxarmaq istəyir.

Hər halda Rusiya hakimiyyəti öz bağrında yeni Soljenitsınlar, Voynoviçlər, Dovlatovlar, Qaliçlər, Brodskilər, Pasternaklar, Şalamovlar yetişdirir. Artıq yeni dissidentlərin sorağı ölkənin hüdudlarından çox-çox uzağa yayılıb.

RF-nin Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev isə deyir ki, o yazıçılar Nabokov olmadıqları üçün xarici ölkələrdə yazıb-yarada bilməyəcəklər və müflis olacaq, pul itkisinə məruz qalacaqlar.

Bu adamın Rusiyanı bu ağılla necə idarə etməsi Rusiyaya nabələd adamlarda heyrət doğura bilər. Amma işə bələd adamlar bilirlər ki, 2008-ci ildən 2012-ci ilə qədər Rusiya prezidenti postunu tutan Medvedyev heç də ölkəni idarə etməyib, Putinin yanında, onun köməkçisi kimi işləyib, sadəcə, prezident maaşı alıb.

Medvedyev ya bilmir, ya da yadına salmır ki, bundan əvvəl, SSRİ dönəmində xarici ölkələrə qovulan, ya da özləri könüllü gedən rus yazıçılar heç də orada yerli xalqın dilində əsərlər yazmırdılar. Onların çoxunun 7-8 tərcüməçisi vardı və yazıçıların yazdıqlarını müxtəlif dillərə çevirirdilər, kitab naşirləri həmin əsərləri nəşr edirdilər və adamlar qısa müddətdə təminatlı olur, hətta milyonçuya çevrilir, xüsusi malikanədə yaşayırdılar.

Söz yox, yazıçı insanpərvər olmaqla yanaşı, vətənpərvər də olmalıdır, amma başqa bir ölkənin ərazisinə soxularaq yüz minlərlə mülki insanın, gənc adamların faciəsinə səbəb olanların apardığı müharibəni dəstəkləmək, özünü tropik sularda yaşayan yırtıcı piraniya balığı kimi aparmaq heç bir yazıçıya, sənət adamına başucaılğı gətirə bilməz. Bəziləri bunu vətəni qorumaq, öz haqqını geri almaq, işğal olunmuş torpağı azad etmək üçün aparılan müharibəyə münasibətlə qarışdırmasınlar. Zatən, adları üstündədir: hərbi aqressorlar və vətən müdafiəçiləri…

Nə yazıq ki, rusiyalı ziyalılar 10 ilə yaxındır ki, çox pis bir seçim qarşısındadırlar. Kreml onları vicdanlarının əleyhinə getməyə vadar edir, bunu etməyənlər isə maddi, mənəvi, hüquqi sıxıntıya məruz qalır.

Piraniya olmaq istəyən çox adam çarəni susmaqda, okean canlıları kimi dibə çəkilməkdə görür. O da bir yerə qədər. Axırda üzə çıxmaq dönəmi gələndə onlara “kambala balığı” deyəcəklər.

Xalid KAZIMLI


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image