image-zeferbackend

Şanlı Zəfər tarixinin Anım Günü!

image-reklam_sirab_01

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə            Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistana masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur, eləcə də BMT Təhlükəsizlik Şurasının  4 qətnaməsi reallaşmış olur. Ekspertlərin də fikirlərinə görə,  Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Ağayeva Ebru

Bakı Slavyan Universiteti tələbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki