2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə səkkizinci iclas Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib.
Vətəninfo.az xəbər verir ki, tərəflər bir sıra məsələlərlə bağlı razılıq əldə ediblər.
Müəyyənləşdirilib ki, sərhəd xəttinin ayrı-ayrı hissələri Azərbaycanın Bağanıs Ayrım Ermənistanın Bağanis kəndləri, Azərbaycanın Aşağı Əskipara Ermənistanın Voskepar, Azərbaycanın Xeyrimli Ermənistanın Kirants və Azərbaycanın Qızılhacılı və Ermənistanın Berkaber kəndləri arasından keçəcəklər, xətlərin müəyyənləşdirilməsi SSRİ-nin son illərində mövcud olan dövlətlərarası sərhədlərə uyğun olaraq həyata keçiriləcək.
Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətləri ilə əlaqə saxlamaq barədə razılıq əldə ediblər. Həmçinin delimitasiya prosesi tam başa çatana qədər, Təsvir Protokolunda göstərilən sərhəd xəttinin hissələrinin delimitasiya edilmiş hesab olunması razılaşdırılıb.