Yeni iş həftəsi başlayır. Hər başlanğıc bir çağırışdır, bir ümiddir, eləcə də, məsuliyyətdir. Biz bu başlanğıca “qutlu olsun” deyirik, amma bu qutluluq yalnız bir yerigəlmiş söz deyil, əməyin, niyyətin təcəssümündə tapılacaq həqiqət kimi gəlir mənə…
İşə, əməyə münasibət həmişə fərqli yanaşmalarla, hətta ideoloji “süsləmə”lərlə müşayiət olunub. Tarixin müxtəlif dönəmlərində əmək insan üçün həm bir zərurət, həm də yaradıcılığın ifadəsi – özünüifadə forma və məzmununda təcalla edib. Bu gün isə əmək anlayışı yeni trendlərlə, yeni çağırışlarla çevrələnib. Bir tərəfdə sürətli texnologiyalar, avtomatlaşdırma, virtuallaşma… digər tərəfdə insanın daxili axtarışları, mənəvi məmnuniyyət arzusu və ehtiyacı!.. Bu şəkillənməni “vəhdəti-vücud” misalı qəbullanmaq çətindir və bəlkə də, bir təzad söz konusudur… Bəzən bizi yanılqıya uğradar bəlkə, amma hər bir başlanğıcda bu ziddiyyətlərdən yeni bir harmoniya yaratmaq mümkündür deyə ümidlənmək haqqımız vardır…
Hələ-hələ ilin son ayının həftələri, günləri bir başqadır. Həm təqvimin sonu, həm də yeni bir gün, həftə başlanğıcı (zaman dilimi içində) təzadlı da görünür, ilhamverici də… – Cilvəsi, ricəti və bir başqa halı var son içindəki ilklərin… Sanki bir tərəfdən yekunların ağırlığı çiyinlərimizə düşür, digər tərəfdən isə qarşıdan bir əl eləyən, irəli çağıran var…
Deyirəm, gör, necə də qəribədir:
bir tərəfdə başa çatmaqda olan təqvim ilinin hesabatlılığı, o bir tərəfdə isə yeni ilin diləkləri, gözləntiləri… Bu təzadlar, əslində, bizə həyatın mahiyyətini xatırladır: hər son yeni bir başlanğıcdır. Keçmişin yükünü dərk etmək bizi irəliyə daha inamla addımlamağa hazırlamalı…
Həftənin ilk günü – bir başlanğıcın ən təmiz anı olsa gərək… Bu gün özümüz özümüzə suallar veririk… Suallar da adamlar, adamların ovqatı kimi dəyişimlər göstərir… Və düşüncə öz sual atını çapırdır, çapırdır: həftənin sonunda özümüzü hansı mənəvi zənginliklərlə görə biləcəyik?..
İkin son ayının gün, həftə başlanğıclarını həyatımızda kiçik bir fəslin açılışı kimi qəbul etsəkmi, əcaba?.. Bu kiçik fəsildə ilhamı, ümidləri, yaradıcılığı və həmrəyliyi bir araya gətirə bilərikmi?.. Həyatımızın hər ayı, həftəsi, günü… hətta bir anı, bizə fürsət kimi verilib – elə deyilmi?.. (Hələ orta məktəb illərində bir qəzetin poeziya səhifəsində oxumuşdum: “Son nəfəs də son fürsətdir”)… Fürsətləri dəyərləndirə bilsək, yaradıcı davransaq, gözəl düşünsək, xoşgörülü olsaq – bu, bizi bizdən üstün etməzmi?.. Yoxsa, hər fürsət qovalayan, fürsətkar olanlar bizdən deyil…
İlk günü ilə yeni başlayan həftə də, qarşıdan gələn yeni il də ulusumuz üçün xeyirli-uğurlu, düşərli və dəyərli olsun! Zamanın ayrıcından (sanki uçqun qırağındanmış kimi!) bir çiçək qoparmaq öz əlinizdədir – deyir arif… – O çiçəyi sevgi ilə sulayıb, ümidə bürümək çiçəyə çox şey verməz bəlkə – necə olsa da, çiçək çiçəkdir – ömrü illa qısadır; ancaq çiçəyə qulluq edən əllər də çiçəkləyər, ürəklər gül açar, çevrə gözəlmi-gözəl qoxulara qərq olar – dörd yanımız könül qoxuyar… – Elə deyilmi?..
Uca könüllərə salam olsun!
Əkbər QOŞALI