image-emin66backend

Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi təntənə ilə qeyd edildi – FOTOLAR

image-reklam_sirab_01

Noyabrın 18-də Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi təntənə ilə qeyd edildi.

Veteninfo.az xəbər verir ki, yubiley mərasimində Elm və Təhsil naziri cənab Emin Əmrullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Milli Məclisin deputatları, ali məktəb rektorları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti iştirak etdilər.

Əvvəlcə foyedə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar universitetin müxtəlif dövrlərdə fəaliyyətini əks etdirən fotosərgiyə baxış keçirildi.
Tədbirdə Dövlət Himni səsləndirildi, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əməkdar artist Cəlal Məmmədovun və Pərvin Əsgərlinin aparıcılığı ilə davam edən tədbirdə söz universitetin rektoru professor Elxan Hüseynova verildi.

Rektor çıxış edərək Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə dəvət olunan dövlət və hökumət rəsmilərinə, Milli Məclisin deputatlarına, dünyanın müxtəlif ölkələrindən olan alimlərə, ali məktəb rektorlarına mərasimdə iştirak etdiklərinə görə təşəkkürünü ifadə etdi və SDU-nun ötən 60 ildə keçdiyi tarixi inkişaf yolundan, beynəlxalq əlaqələrindən, qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən söz açdı. Rektor bildirdi ki, təməli 1962-ci ildə qoyulmuş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atır. Yarandığı vaxtdan etibarən universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur.
Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür. Ali təhsil müəssisələrinin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də sözün həqiqi mənasında dövlətinə, millətinə layiqli vətəndaşlar yetişdirməkdir.

Respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və dəsti-xətti vardır. Professor Elxan Hüseynov onu da qeyd etdi ki, illər ötdükcə Sumqayıt Dövlət Universiteti məhz Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir.

Rektor professor Elxan Hüseynov vurğuladı ki, bu gün universitetin 60 illik yubileyini qalib dövlətin vətəndaşları kimi, torpaqları işğaldan azad olunmuş qalib xalqın nümayəndələri kimi böyük sevinc və iftixarla qeyd edirik. Bu qələbənin qazanılmasında bütün Azərbaycan gəncləri kimi, Sumqayıt Dövlət Universitetinin məzunları və tələbələri də bənzərsiz qəhrəmanlıq və əzmkarlıq nümunəsi göstərdilər. SDU-nun çoxsaylı kollektivi bu qəhrəmanların – şəhidlik və qazi mərtəbəsinə yüksələnlərin hər birinin əziz xatirəsini yüksək hörmət və ehtiram hissi ilə yad edir, şərəfli adlarını daim uca tutur.

Professor Elxan Hüseynov çıxışında onu da vurğuladı ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə SDU-nun bir qrup əməkdaşı “Əməkdar müəllim” fəxri adına layiq görülüb və “Tərəqqi” medalı ilə təltif ediliblər. Rektor yüksək təltiflərə görə dövlətimizin başçısına universitetin kollektivi adından dərin minnətdarlığını bildirdi.
Sumqayıt Dövlət Universitetinin fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olundu.

Universitetin 60 illik yubileyi münasibətilə təhsil ocağının kollektivini təbrik edən Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayev ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunan əməkdaşları yubiley münasibətilə təbrik etdi, ali dövlət mükafatlarını sahiblərinə təqdim etdi və bildirdi ki, bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar artıq öz bəhrəsini verir.

Müəllim əməyi həmişə yüksək qiymətləndirilir, dövlətimiz təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalır. Bu isə təhsil işçilərinin daha məsuliyyət və vicdanla çalışmaları üçün stimul yaradır. Nazir onu da vurğuladı ki, ölkənin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr vermiş Sumqayıt Dövlət Universiteti ötən dövr ərzində böyük inkişaf yolu keçmiş, Azərbaycanın sənaye mərkəzi olan Sumqayıt şəhəri və region üçün mütəxəssis hazırlığı sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişdir və bu gün də müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcək peşəkar kadrların yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirməkdədir. Əminəm ki, 60 illik təcrübəsi olan bu ali təhsil ocağı müasir qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətə davamlı mütəxəssislərin hazırlanmasına və insan kapitalının davamlı inkişafına, elmi-intellektual mühitin formalaşmasına bundan sonra da öz layiqli töhfəsini verəcəkdir.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sərəncamları, Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmana layiq görülmüş əməkdaşların siyahısı oxundu.

Tədbirdə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov çıxış edərək bütün universitet kollektivini yubiley münasibətilə təbrik etdi. Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevi və fəxri qonaqları salamladı, onları Sumqayıt şəhərində görməkdən məmnunluğunu bildirdi.

Cənab Zakir Fərəcov bildirdi ki, Sumqayıtın yeganə ali təhsil məktəbi öz tarixi ilə öyünməyə haqqı olan, bu gün qazandığı nailiyyətlərini qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran ali təhsil ocağıdır. Universitetin maddi-texniki imkanları daha da güclənir, beynəlxalq əlaqələri durmadan genişlənir və bir elm ocağı kimi Sumqayıtı bütün dünyada layiqincə, uğurla təmsil edir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov SDU-nun bir qrup əməkdaşının Fəxri fərmanla təltif olunduğunu qeyd etdi və universitetin rektoru professor Elxan Hüseynova hədiyyəsini təqdim etdi.

SDU-nun 60 illik yubileyinə həsr olunmuş mərasimdə təbrik məktubları səsləndirildi.

Rusiya Federasiyasının Ufa Dövlət Neft Texniki Universitetinin rektoru dosent Oleq Baulin çıxış edərək Sumqayıt Dövlət Universitetinin elm, təhsil sahəsindəki özünəməxsus yerindən və ziyalı mühitinin formalaşmasındakı rolundan danışdı, universitet rəhbərliyini və kollektivi 60 illik yubileyi münasibətilə təbrik edərək yeni-yeni nailiyyətlər arzuladı.

Oleq Baulin qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında sıx çoxşaxəli əlaqələr Rusiya ‒ Azərbaycan Universitetləri Assosiasiyasının yaradılmasından sonra qurulub. Hazırda bu əlaqələrimiz uğurla davam etdirilir.

Mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri cənab Rəhman Məmmədov çıxış edərək Sumqayıt Dövlət Universitetinin elm, təhsil sahəsindəki özünəməxsus yerindən və ziyalı mühitinin formalaşmasındakı rolundan bəhs etdi, universitet rəhbərliyini və kollektivi 60 illik yubileyi münasibətilə təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzuladı.

Tədbirdə çıxış edən Çinin Heksi Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi Sonq Quanqxiao bildirdi ki, iki ölkə arasında qədim tarixi olan dostluq münasibətləri müasir dövrümüzdə yeni müstəviyə qədəm qoyub, belə ki, Azərbaycan ilə Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir. SDU-nu 60 illik yubileyi münasibətilə təbrik edən Sonq Quanqxiao universitet kollektivinə uğurlar arzuladı.

Türkiyə Cümhuriyyətinin Hacəttəpə Universitetinin professoru, Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru Şükrü Haluk Akalın da SDU-nun 60 illik yubileyi münasibətilə təbrik edərək öz hədiyyəsini cənab Elxan Hüseynova təqdim etdi.

Tədbirin sonunda universitetin marşı səsləndirildi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki