image-ulvibackend

Tarix belə səhvləri bağışlamır

image-reklam_sirab_01

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ötən ilin mayında təşkil etdiyi müzakirələrin nüfuzlu iştirakçılarından olan cənab Deyvid Merkelin maraqlı bir qeydi yada düşür: “Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi”.

Bu il oktyabrın 6-da Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı göstərdi ki, qitənin enerji təhlükəsizliyində Azərbaycanın artmaqda olan strateji əhəmiyyəti artıq əksər dövlətlər tərəfindən qəbul edilir. Prezident İlham Əliyevin elə həmin gün ölkəmizin televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi növbəti fikir mövcud geosiyasi və geoiqtisadi reallığı özündə əks etdirir: “Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı… Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır”.

Bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin təvazökarlıqla yumşaltdığı bu açıqlamasının arxasında, əslində, son 29 il ərzində qət olunan mürəkkəb zaman kəsiyi dayanır. Ermənistanın ölkəmizə qarşı yürütdüyü etnik təmizləmə və işğal siyasətinə, milyona yaxın soydaşımıza qaçqın və məcburi köçkün taleyini yaşatmasına, torpaqlarımızın 20 faizini işğal etməsinə baxmayaraq, xalqımız bu məşəqqətli sınaqların qarşısında sınmadı. 1992-ci ildə və 1993-cü ilin birinci yarısında cəmiyyətimizi təhdid edən vətəndaş müharibəsi təhlükəsi, ölkədə hökm sürən hərc-mərclik, başıpozuqluq, qanunsuz silahlı dəstələrin siyasi faktora çevrilməsinə fürsət verilməsi, dövlət orqanlarının birbaşa vəzifələrini yerinə yetirə bilməməsi, ağır iqtisadi və sosial tənəzzül Azərbaycanın müstəqil dövlət kimi varlığını sual altına qoymuşdu. Milli kimliyimizin və milli qürurumuzun tapdalandığı həmin dövrdə Heydər Əliyev fenomeni xalqımızın imdadına yetişməsəydi, dövlət müstəqilliyimizi hədəf seçənlər öz məkrli niyyətlərini həyata keçirə biləcəkdilər. Ulu öndər Heydər Əliyevin böyük idarəçilik təcrübəsi və siyasi qətiyyəti sayəsində bu məkrli planların qarşısı alındı, ölkəmiz parçalanmaq təhlükəsindən, xalqımız isə vətəndaş qırğınından qurtula bildi. Lakin təhdid və təhlükələr bununla bitmirdi. Bəzi dünya gücləri və regionun ayrı-ayrı dövlətləri Azərbaycanın neft-qaz bazarına müstəqil çıxış əldə etməsində maraqlı deyildilər. Bu strateji sahəni inhisarda və nəzarətdə saxlamağa çalışan bəzi ölkələr yalandan üzümüzə gülsələr də, bağlı qapılar arxasında qərəzli oyunlarından əl çəkmirdilər. Maneə və təzyiqlərə baxmayaraq, Ulu Öndər ona məxsus olan siyasi ustalıqla maraqları toqquşan böyük gücləri Bakıda bir araya gətirə bildi və 1994-cü ilin sentyabrında XX əsrin ən böyük neft kontraktının imzalanmasına nail oldu. Bununla da ölkəmizin siyasi müstəqilliyini şərtləndirən iqtisadi müstəqilliyinin təməli qoyuldu, cəmiyyətimizdə sosial balans təmin edildi, nəticədə vətəndaşın dövlətə olan inamı bərpa olundu, güclü ordu quruculuğuna başlamaq üçün imkanlar yarandı. Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi strateji xətti və ideoloji seçimi siyasi inadkarlıqla həyata keçirməsinin nəticəsində mümkün oldu. Ümummilli Liderin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün-1993-cü il iyunun 15-də Parlamentdəki çıxışında səsləndirdiyi fikirlər, onun ölkəmizin gələcəyi ilə bağlı aydın və əmin təsəvvürünü ifadə edirdi: “Mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

Bu fikirlərin üstündən 29 il sonra, artıq işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Ulu Öndərin siyasi varisi və ən etibarlı silahdaşı Prezident İlham Əliyev bunları dedi: “Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik… Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik”.

İyirmi doqquz illik fasilə ilə deyilən, bununla yanaşı, bir-birini tamamlayan bu fikirlər ona dəlalət edir ki, milli və müstəqil dövlətçiliyimizin qorunmasına xidmət göstərən Heydər Əliyev siyasi irsinin ölkəmizdə başqa alternativi yoxdur. Əldə etdiyimiz bütün Zəfərlərin təməlində məhz bu ideoloji seçim və son 19 ildə ona ləyaqətli xidmət nümunəsi dayanır. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin, eləcə də Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi məhz məqsədyönlü seçimin məntiqi nəticəsidir. O seçimin ki, Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın bu gün yüksəldiyi strateji səviyyəyə xidmət edir. Təəssüf ki, ötən illər ərzində bu seçimə mane olmaq, nəzərdə tutulan layihələrə əngəl törətmək istəyən dairələr də az olmayıb. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi zamanı kredit vəsaitini ayırmaqdan çəkindirmək üçün beynəlxalq maliyyə institutlarına edilən təzyiqlər bu cür əngəllərdən yalnız biridir. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin siyasi iradəsi sayəsində həmin layihə ölkəmizin daxili imkanları hesabına maliyyələşdirilərək gerçəyə çevrildi.

Həyat sübut edir ki, iqtisadi müstəqilliyi təmin olunmayan ölkələrin siyasi müstəqilliyi xarici təhdid və təzyiqlərin qarşısında daha kövrək olur. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu strateji xətti 2003-cü ildən etibarən inam və əzmlə davam etdirən və onu indiki səviyyəyə yüksəldən Prezident İlham Əliyev elə bu səbəbdən dönə-dönə vurğulayır ki, ölkənin iqtisadi müstəqilliyi təmin olunmadan onun siyasi müstəqilliyi ciddi çətinliklərlə üzləşə bilər. Artıq o da həqiqətdir ki, əgər Azərbaycan zamanında bu inkişaf modelini seçməsəydi, beynəlxalq münasibətlərin nüfuzlu və önəm verilən tərəfdaşına çevrilə bilməzdi. Məhz bu strateji seçim imkan verdi ki, ən müasir silahlarla təchiz edilən güclü və müzəffər Ordumuzu qurmaq mümkün olsun. Həmin Ordumuzu ki, 44 günlük Vətən müharibəsində düşməni dizi üstünə çökdürdü, torpaqlarımızı işğaldan azad etdi, milli ləyaqətimizə həqarət edənlərin layiqli cavabını savaş meydanında verdi. Ermənistanın çoxsaylı və ciddi himayədarlarının olmasına baxmayaraq, xalqımızın möhtəşəm həmrəyliyini və ordumuzun gücünü öz Dəmir Yumruğunda birləşdirən Müzəffər Ali Baş Komandanımız sübut etdi ki, bu birliyin, bu gücün, bu ali siyasi iradənin qarşısına keçən istənilən düşmən, istənilən qüvvə məğlubiyyətə məhkumdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Vətən müharibəsində əldə etdiyimiz qələbə son iki əsrdə xalqımızın öz rəhbərlərindən umduğu, gözlədiyi və arzu etdiyi Zəfəri tərənnüm edir. Məhz buna görə ona tarixi Zəfər deyirik. Bu Zəfərin təməlində xalqımızın birliyi, Ordumuzun gücü və Prezident İlham Əliyevin fərdi tarixi xidmətləri ilə yanaşı, milli köklərimizə sarsılmaz bağlılıq amili və qan yaddaşı amili dayanır. Bu günlərdə Qırğızıstanda dövlət səfərində olan Prezident İlham Əliyev bu tarixi bağlılığın əhəmiyyətini nəzərə alaraq, Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniştərkibli iclasında xüsusi olaraq qeyd etdi: “Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir… Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq”.

Halbuki, 30 il bundan əvvəl Türk dünyası ilə bağlı arzularımız çoxları üçün əlçatmaz xəyal kimi görünürdü. Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi Azərbaycan xalqının, bütövlükdə Türk dünyasının dəyərlərinə göstərilən dərin hörmət və ehtiramın bariz nümunəsidir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun açılış mərasimində söylədiyi növbəti fikir də elə bu ehtiramın ifadəsidir: “Xüsusi vurğulamaq istəyirəm ki, məktəbə Heydər Əliyevin adının verilməsi bizim üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmlənməyib”.

Öz xalqının keşməkeşli taleyində xilaskarlıq missiyasını yerinə yetirməyə qadir olan Heydər Əliyev kimi tarixi şəxsiyyət, Nizami Gəncəvi kimi görkəmli şair və mütəfəkkirlərimiz həqiqətən də Azərbaycanı dünyaya tanıtdıran əbədi rəmzlərimizdir. Onların miqyası və xidmətləri o qədər böyük və əvəzsizdir ki, yalnız bir xalqın dəyərlər xəzinəsinə sığmazlar. Məhz buna görə Ulu Öndərin xilaskarlıq missiyasından başlanan tarixi Zəfər yolu gələcək qələbələrimizə olan vətəndaş inamına zəmin yaradır. Cəmiyyətimiz artıq əmindir ki, Azərbaycanın daha böyük geosiyasi və geoiqtisadi ambisiyalarının arxasında real güc və əzmkar siyasi iradə faktorları dayanır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında bu bəyanatı verdi: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.

Asiya və Avropa qitələri arasında ən etibarlı körpü rolunu oynayacaq Zəngəzur dəhlizinin açılmasına əngəl törədən Ermənistan və havadarları, eləcə də bəzi qısqanc qonşularımız bu bəyanatdan sonra əxz etməlidirlər ki, Zəngəzur dəhlizinin reallaşması zamanın hökmüdür. Bunun əleyhinə çıxan və ya ona müqavimət göstərən ölkələr, gec-tez zamanın hökmü ilə barışmalı olacaqlar. Çünki zamanın bu diktəsinin arxasında geosiyasi reallıq və bu reallığı yetişdirən tarixi liderlərin siyasi iradəsi dayanır. Bu iradənin əleyhinə çıxanlar güman edirlər ki, vaxt qazanırlar. Əslində isə onlar vaxtlarını “öldürür”, gələcəklərinə qəsd edirlər. Tarix isə belə səhvləri bağışlamır, əksər hallarda onların düzəldilməsi üçün növbəti fürsəti də vermir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki