Azərbaycanın tarixinə unudulmaz bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər ölkə daxilində gərginliyi daha da artırmışdı. Həmin vaxt respublikaya rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi, qorxaqlığı, siyasi bacarığının olmaması, hələ də sovet rejimindən ayrıla bilməməsi, müstəqil dövləti idarə etməkdə təcrübəsizliyi vəziyyəti getdikcə ağırlaşdırır, ölkəni parçalanmaq həddinə çatdırırdı. Çətin və ağır günlər yaşadığımız bir dövrdə 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın tarixində yeni dövr başladı. Qarşıda ölkəni çətin, böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. Heydər Əliyevin 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.
Ulu öndərin baxışları real konkret proqramlarda öz əksini tapmışdır. Bizim ideologiyamızın formalaşması çox mühüm məsələ idi. Çünki biz onilliklər ərzində Sovet İttifaqının tərkibində yaşamışdıq. Əlbəttə, ideoloji çərçivələr çox məhdud idi. Yeni, gənc müstəqil ölkəmizin ideoloji əsaslarının formalaşdırılması məsələsi çox böyük əhəmiyyət kəsb edirdi.
Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib.
Fehruzzadə Xatirə Qurban qızı