image-imagesbackend

Tariximizə Qələbə yazıldı.

image-reklam_sirab_01

 

 

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan həqiqətləri Beynəlxalq ictimaiyyətə yenidən təqdim olundu. Dünya ölkələri Azərbaycanın müstəqilliyini tanıdı. Ən böyük dövlətlər Azərbaycan ilə əməkdaşlıq etdilər. Müxtəlif böyük layihələr və müqavilələr imzaladılar. Azərbaycan regionun ən inkişaf etmiş ölkələrindən birinə çevrildi. Azərbaycana investisiya qoyan xarici dövlətlərin mətbuat işçiləri ölkəmizə dəvət olunurdu. Vətənimizdə gedən iqtisadi inkişaf və quruculuq işləri beynəlxalq mətbuata təqdim olunurdu.

Torpağını, tarixini, adət və ənənəsini sevən Ulu Öndər Heydər Əliyev getdiyi hər bir ölkədə, hər bir işgüzar səfərdə Azərbaycan həqiqətlərindən danışırdı. Tariximizin qaranlıq səhifələrini öz uzaqgörən siyasəti ilə işıqlandırırdı.

Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı dövlət başçımız eynilə onun kimi, iştirak etdiyi Beynəlxalq sammitlərdə Azərbaycan haqqında çox dərin və dolğun fikirlər səsləndirir. Dünya dövlətlərini Azərbaycanın haqq işinə dəstək olmağa çağırır. Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən hadisələr, ermənilərin xain əməlləri, mülkü əhaliyə qarşı edilən terror hadisələri dünya ictimaiyyətinə çatdırılır.

Erməni qüvvələrinin xain planları, tarix boyunca Azərbaycanı təqib etmiş, yeraltı və yerüstü sərvətlər ilə zəngin olan vətənimiz, hər zaman düşmənlərin əsas hədəfi olmuşdur. Dövrün vəziyyəti səbəbindən torpaqlarımızın 20 faizi işğal altında idi. Bu işğal altında qalmış torpaqlarımız, Böyük Vətən müharibəsində iştirak etmiş igid əsgərlərimizin, güclü Azərbaycan Ordusunun sayəsində azadlığa qovuşdu.

Ölkənin ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan dövləti bir daha beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyi prinsiplərinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir mərhələ başlayır. Azərbaycan xalqının müqəddəs ənənələri, milli-mənəvi dəyərləri var. Bu dəyərlər yaşından, tutduğu mövqeyindən asılı olmayaraq, hər kəsin vətən qarşısındakı məsuliyyətini, vətəndaşlıq mövqeyini formalaşdırıb. Heç şübhəsiz bu mərhələdə işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın siyasi-iqtisadi suverenliyinin daha da gücləndirilməsi yönümündə mühüm dayaq amillərdən biri kimi çıxış edəcək. Tezliklə bu bölgələrdə yenidən məskunlaşma həyata keçiriləcək, insanlarımızın layiqli yaşayışı və ümumi iqtisadi fəallıq təmin ediləcək. Qarabağda və ətraf rayonlarda həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Əlbəttə ki, bu quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf borcudur. Çünki bu dəstək həm də bizim hər birimizin qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfəsi olacaq.

44 günlük Vətən müharibəsində birlik, vətənpəvərlik, torpaq sevgisi kimi ali dəyərlərə şahid olduq. Prezident İlham Əliyevin vurğuladığı kimi “Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq”. 44 günlük müharibədən xalqımız qələbə ilə cıxdı.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin iştirakı milli birliyimizi bir daha nümayiş etdirəcəkdir.Azərbaycan Respublikası Prezidenti “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda qeyd ounur ki, Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır.İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılır. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Onu da qeyd etmək lazımdır  ki, “Qarabağ Dirçəliş Fondu”nun yaradılması Azərbaycan xalqının Qarabağa möhtəşəm qayıdışı istiqamətində dövlətimiz tərəfindən atılan ən əhəmiyyətli addımlardan biridir. 30 il ərzində işğal altında olan Vətən torpaqlarında erməni qəsbkarlarının törətmədikləri vandalizm aktının qalmadığını hamımız gözəl bilirik. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz viran edilib, təbii sərvətlərimiz talan olunub, tarixi-mədəni irsimiz tamamilə yox edilmək məqsədilə olmazın dağıntılara məruz qoyulub. Düşmən bu torpaqların əsl sahiblərini dünyadan gizlətmək üçün əlindən gələni edib. Lakin bütün bunların bir nəticəsi olmadı. Vətən torpağı düşmən tapdağı altında əbədi qala bilməzdi və qalmadı. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, biz öz torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad etdik. Bu gün isə həmin torpaqları alnımızın təri ilə yenidən dirçəltməyə başlayırıq. Qarşıda bizi irimiqyaslı quruculuq-bərpa işləri gözləyir və bu işlərdə də öz payı olduğunu görmək hər kəsin arzusudur. Lakin belə məsələlərdə pərakəndəlik də qətiyyən yolverilməz bir haldır. Bəhz elə bu baxımdan da “Qarabağ Dirçəliş Fondu”nun yaradılması müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.

 

Orxan Abasov

Nəsimi rayonu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki