image-6backend

Təhsil eksperti millət vəkilinin saxta vaksin pasportu iddiasına cavab verdi

image-reklam_sirab_01
“Saxta yollarla COVİD-19 pasrortunu əldə etməyi hər hansı bir peşə ilə əlaqələndirmək olmaz. Bunu müəllim də edə bilər, polis də. Burada günahkar müəllim, yaxud da polis deyil, bir başa tibb işçiləridir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov millət vəkili Etibar Əliyevin müəllimləri saxta yolla COVİD paspotu almaqda ittiham etməsi ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib.

 

Kamran Əsədov hesab edir ki, istər özəl, istərsə də dövlət sektorunda çalışanların hər biri bunu edə blər:
“Tibb işçiləri qanunsuzluğa yol verirlər. Bu müqəddəs sahənin davamçıları belə nöqsanlara yol verməməlidir. Bütün hallarda isə müəllimlərə qarşı diqqətli və onların ünvanına işlətdiyimiz ifadələrdə ehtiyatlı olmalıyıq. Çünki bu ifadə böyük bir toplumu incidə bilər. Bu gün Azərbaycanın orta məktəblərində 150 min, ali məktəblərində 30 min müəllim var. Onlar təhsil verəndir. Biz hər hansı fikirlərimizdə müəllimlərin şəxsiyyətini alçaldanda onlar ruhdan düşə bilər. Hesab edirəm ki, işlətdiyimiz ifadələrdə diqqətli olmalıyıq. Heç kəsi təhqir etmək olmaz, ifadə çox ağırdır. Reallıq odur ki, ölkədə saxta yolla COVİD pasportu alanlar var və bu da yoluxmaya təsir göstərir”.
Təhsil eksperti bildirib ki, Etibar Əliyev uzun müddət təhsil sistemində çalışmış, Azərbaycanda təhsil eksperti institutunu yaratmış bir şəxsdir:
“Etibar Əliyev təhsilin içində və müəllimlərin yanında olan biri olub. Onun belə bir ifadə işlətməsinə inanmıram. Təəssüflər olsun ki, Azərbaycanda COVİD pasportunu saxta yollarla əldə edənlər arasında bütün sahələrdə çalışanlar var. Məhz bugünkü yoluxma rəqəmlərinin artması onu deməyə əsas verir. Digər tərəfdən hüquq-mühafizə orqanları mütəmadi olaraq səhiyyə işçilərinin əməkdaşlarının bu qanunuz əməllərini ifşa edirlər. Biz bilmirik ki, müəllimlərin hansı COVİD pasportunu pulla alıb və hansıları vaksin vurdurub. Real rəqəmlərə baxsaq, 4 milyondan çox adam ikinci doza, 9 milyondan çox insan isə birinci doza vaksin vurdurub. Bu rəqəmlərin hər biri ölkədə vaksinasiya prosesinin normal getdiyini, insanların vaksin olunduğunu göstərir. Bu, rəsmi rəqəmlərdir, amma bu rəqəmlərin fonunda yenə də təhlükəli bir tendensiya davam edir. Nəzərə alsaq ki, ölkədə 18 yaşdan yuxarı əhalinin 90%-ə qədəri vaksin olunub. Ancaq az saylı uşaqlar qalıb. Rəqəmlərə baxsaq, bu gün yaşı 6-18 olan uşaqların sayı 1,6 milyondur, digər azyaşlıları da bura şamil etsək, ümumilikdə maksimum 3 milyon insan 18 yaşadan aşağıdır. Bunun fonunda yoluxma sayı artırsa, kimlərsə vaksini saxta yollarla əldə edirlər və yekunda belə xoşagəlməz tendensiya var”.
Qeyd edək ki, millət vəkili Etibar Əliyev mətbuata açıqlamasında məktəblərdə COVİD-19 infeksiyasının artmasında müəllimləri ittiham edib. O, ”müəllimlər saxta COVİD-19 pasportu alıblar və buna görə də təhsil müəssisələrində yoluxma artır”, – deyə bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki