image-203313_mzjjejgm8tbackend

Tibb tarixində peyvəndlər və onlara qarşı çıxanlar

image-reklam_sirab_01

Rəşad MAHMUDOV,
Tibb elmləri doktoru

Hər insanın həyati dəyərlər sistemi var və orda həqiqət əhəmiyyətli rol oynayır desəm, yanılmaram. İçi mən qarışıq, insanların əksəriyyəti bu dəyərlər barədə tez-tez düşünür, çox vaxt bu arzuyla da yaşayır ki, ətrafı təmiz olsun, mümkün qədər həqiqi və dürüst adamlarla əhatə olunsun; lakin həyatda heç kim yüz faiz buna nail ola bilmir. İnsan təbiəti bütün həyatı boyu tez-tez dəyişir, şəraitdən, situasiyadan, yaxud da onlarca başqa səbəbdən asılı oldu, ya olmadı, yalan da danışmalı olur, öz dəyərlər sisteminə xəyanət də etmiş olur. Bu bir həqiqətdir ki, heç kim heç vaxt sona qədər təbiətinə görə dürüst və ya vicdanlı ola bilmir. Təbiidir. Bəlkə də bu, hələ ən pis hal deyil. Ən pis hal odur ki, gözün görə-görə, ağlın dərk edə-edə, qulaqların eşidə-eşidə yalana inanasan. Əsl həqiqəti bilmək isə yalana inanmaqdan daha yaxşıdır, xüsusilə dünyanın belə bir kövrək çağında! Düşünürəm ki, bu gün pandemik dalğaların ard-arda kükrəməsi, bəşəriyyət üçün, o cümlədən, bizim ölkəmiz üçün həyati təhlükələr yaratması dönəmində peyvəndlərlə bağlı həqiqətləri bilmək daha önəmli və vacibdir. 

Peyvənd mövzusu indi bütün planeti narahat edir. Dünyanın tibb tarixində hələ elə hal olmayıb ki, peyvəndlə bağlı bu qədər intensiv, qızğın müzakirələr və mübahisələr getsin. Koronavirusun meydana gəldiyi vaxtdan indiyə kimi qısa zaman içində dünya tarixində hələ heç vaxt bu qədər insana peyvənd vurulmamışdı.

Bu məsələ həkim kimi məni daha çox narahat edir və pandemiyanın yaratdığı gərgin epidemioloji vəziyyət, habelə xəstəliyin sürətlə yayılması, ölüm hallarının çoxalması, üstəlik, peyvəndlərlə bağlı şayiələrin baş alıb getməsi də cəmiyyətin psixoloji durumuna neqativ təsir göstərir. Son vaxtlar mənə edilən müraciət və zənglər,  müxtəlif insanlardan, sənət və peşə adamlarından poçtuma daxil olan çoxsaylı suallar da gərginlikdən xəbər verir: doktor, hansı peyvəndi vurduraq? Nə vaxt? Niyə? Ümumiyyətlə, peyvənd lazımdırmı? Bu peyvəndlərə inanaqmı? Nə üçün?
Bəzən lap sərt suallar qoyulur.

Nə etmək olar? İnsanları qınamaq da olmur, qlobal epidemioloji vəziyyət həyəcanları artırıb, bəzilərində isə çaşqınlıq yaradıb.

Bəri başdan deyim ki, pandemiya yayılandan ta bugünə kimi mən fasiləsiz olaraq həkimlik borcumu maksimum yerinə yetirməyə çalışıram, mümkün olan bütün vasitələrdən istifadə edirəm ki, insanlarımız şəfa tapsınlar, bu bəladan az itkilərlə çıxaq. Eyni zamanda, bu sahədə əhalini maarifləndirməyi də unutmuram, bilik və bacarığım çərçivəsində fəal çalışır, intensiv terapiya və peyvəndləmə ilə bağlı tövsiyələrimi əsirgəmirəm. Hesab edirəm ki, peyvənd vacibdir və bunu hər kəs başa düşməlidir. Mən də normal həyata qayıtmağımızı səbirsizliklə gözləyirəm, bu fikirlə də razıyam ki, peyvənd vurdurmaq və ya ondan imtina etmək hər kəsin şəxsi qərarıdır, bu qərarı qəbul etməkdə isə mən bir həkim kimi yalnız yardımçı ola bilərəm. Elə bu başdan xüsusi qeyd edim ki, özüm də, ailəm də, əzizlərim, yaxın ətrafım və dostlarım da peyvənd vurdurmuşuq. Bu məsələdə qərarımız birmənalı olub.

Tibb aləmi üçün gizlin deyil: insan xəstəliklərinin 90 faizində əsas faktor rolunu psixika oynayır. Çox sadə və adi bir xəstəliyi – mədə xorası xəstəliyini götürək. Tibb sahəsindən məlumatı olmayanlar yəqin ki, bilmirlər: mədə xorası insanın əsəb sistemi və psixikası ilə sıx bağlıdır, o cümlədən, bütün başqa xəstəliklər də; bunlara da  psixogen xəstəliklər deyilir, bu xəstəliklər psixikanın təsiri nəticəsində meydana çıxır. Və bunu da əlavə olaraq deyim ki, tibb elmi təsdiq edib ki, insan xəstəliklərinin 90 faizindən çoxunun özü özünü müalicə etməyə qadirdir, əlbəttə, əgər psixi amillər aradan götürülsə. Nahaq yerə demirik ki, sağlam bədəndə sağlam ruh olar.

Lakin dünyanın indiki durumunda COVİD-19 və onun ştamları kimi son dərəcə qorxulu xəstəliklərin ildırım sürətilə yayılması və insanların ölümünə səbəb olması həqiqətən tibb elmini, dünya səhiyyə sistemini şoka salıb. Buna görə də dünyanın bir çox ölkəsində bu sahədə çalışan həkimlər, alimlər, mütəxəssislər daha təsirli peyvəndlərin hazırlanması üçün səylə çalışır, fəlakətdən tezliklə qurtulmağın yollarını axtarmaqda davam edirlər. Hazırda mövcud olan peyvəndləri də nəzərə almaq lazımdır. Yenə təkrar edirəm: peyvəndlər çox vacibdir, onların təsiri və ya gücü isə zaman məsələsidir. Hazırda bu peyvəndlərin əleyhinə çıxanların heç bir əsası və sübutu yoxdur, buna görə də insanlarımız küyə gedib populist çıxışlar edən səriştəsiz adamlara yox, mütəxəssislərə inanmalıdır.

Qeyd edim ki, tarixdə populist peyvənd əleyhdarları həmişə olub. 1796-cı ildə Londonda Çiçək xəstəliyi yayılmışdı, xəstəlik sürətlə yayılırdı və Edward Jenner adlı alim bu xəstəliyə qarşı ilk peyvənd kəşf etdi; beləliklə, alim peyvəndi icad etməklə tibdə inqilab etdi, müasir immunologiyanın əsasını qoydu. Təbii ki, peyvənddən sonra epidemiya sönməyə başladı, ölümlərin qarşısı alındı. Lakin ilk peyvəndə qarşı çıxanlar da az deyildi, hətta onu zəhərli ağac kimi təsvir edirdilər. Xüsusilə dindarlar və ilahiyyatçılar camaat arasında peyvəndin əleyhinə ciddi təbliğat aparmağa başladılar və onlar qorxurdular ki, peyvənd vurduranlar dinə qarşı çıxsınlar; möminlər hətta peyvəndlənən insanların qollarındakı peyvənd nişanəsini şeytan əlaməti kimi qələmə verirdilər.

Bir müddətdən sonra, yəni 1885-ci ildə peyvənd əleyhdarları bu məsələdə Dr. Pasteuri günahlandırdılar. Çünki həmin illərdə quduzluğa qarşı peyvənd almaq üçün ABŞ-dan Fransaya gələnlər olurdu, onu isə bu xəstəliyi yayıb, peyvəndi satmaqda günahlandırırdılar. Qeyd edim ki, hətta bu gün də ABŞ-da fəaliyyət göstərən heyvan hüquqları dərnəkləri mövcuddur. Əsas arqumentləri heyvanların peyvəndlər üçün təcrübələrdə istifadə olunması məsələsidir. Bugünkü əleyhdarlar isə bəyan edirlər ki, peyvəndi öncə heyvanlara vurun, sonra insana. Etirazlarını belə bildirirlər.

Statistik məlumatlara görə, dünyada vərəm (1921), difteriya (1923), tetanoz (1926), göy öksürək (1926), poliomiyelit (1952), 1970-ci illərdə də “difteriya-göy öksürək-tetanoz” üçlü xəstəliklərə qarşı peyvəndlərə də ilk vaxtlar inanmayanlar olmuşdu. Natamam peyvənd səbəbiylə mini epidemiya və ölüm meydana gəlməyə başlayanda, mətbuatda antipeyvənd kampaniyaları daha da artdı. 1974-cü ildə ABŞ-da əleyhdarlar  tərəfindən dərhal bir qrup yaradıldı: The Association of Parents of Vaccine Damaged Children (APVDC). Onlar məhkəməyə şikayətlə müraciət etdilər ki, peyvənd zərərlidir, dayandırılsın. Əlbəttə, məhkəmə verilən məlumatların qərəzli və səhv olduğunu sübut etdi, nəticədə həmin qeyri-hökumət təşkilatı tez bir zamanda qapandı.

1998-ci ildə isə İngiltərədə Dr. Andrew Vakefield meydana çıxdı və “qızılca-qulaq dibi-məxmərək” üçlü peyvəndinə qarşı əməlli-başlı müharibə elan etdi. O, “Üçlü peyvənd otizm yaradır” deyə elmi məqalələr dərc etməyə başladı. Lakin sonralar məqaləni dərc etməkdə əsl məqsədi məlum oldu. Sən demə, bu həkim lisenziya almaq üçün müraciət etdiyi təkli peyvəndini satışa çıxarmaq istəyirmiş və bununla da gəlirini artırmaq məqsədi güdürmüş, necə deyərlər, “qara qızın dərdi varmış”.  Bəs sonda nə baş verdi? Onun həkimlik lisenziyası London məhkəməsi tərəfindən ləğv edildi və əlindən alındı. O da İngiltərəni tərk etməli oldu. Tarixdə belə hallar çox olub. Peyvənd əleyhinə yalan məlumatlar və şayiələr nəticəsində sonrakı illərdə Afrika qitəsində yoluxucu xəstəliklərdən ölüm hallarının sayı iki dəfə artdı.

Belə misalların sayını artırmaq da olar. Əfsuslar olsun ki, dünyanın indiki durumunda buna bənzər tendensiyalar yenə baş alıb gedir və güman edirəm ki, hələ bundan sonra da davam edəcək. Tarixi təcrübə göstərir ki, ritorikaya və populizmə uyub peyvənd olunmayan milyonlarla insan elə öz nadanlıqları ucbatından fərqli-fərqli yoluxucu xəstəliklərdən həyatlarını itirib, yaxud da ömürlük şikəst qalıb. Amma əslində, həqiqətin bir üzü də bundan ibarətdir ki, bu gün heç kim həmin o peyvəndlər əleyhinə canfəşanlıq edib qışqır-bağır salanları xatırlamır. Çünki onlar şöhrət və populyarlaşma azarlarını küyə gedən kütlə psixologiyasına hesablamışdılar. Onların qısaömürlü şöhrəti yayda yağan qara bənzədi, əriyib yox oldu. Amma bir zamanlar minlərlə əleyhdarları olmuş, insanların sağlamlığı və təhlükəsiz həyatı üçün bütün məhrumiyyətlərə və əzablara dözmüş fədakar həkim və alimlər – Jenner, Pasteur, Hellemen, Uğur Şahin & Özlem Türeci… və adlarını sadalamadığım onlarca digər peyvənd ixtiraçısının imzası tarixin parlaq səhifələrində yaşayır və bundan sonra da yaşayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki