Məşhur Məmmədov
Milli Məclisin deputatı
Ötən həftəni beynəlxalq əhəmiyyətli hadisə ilə – Zəngilan Hava Limanının açılışıyla yola saldıq. Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında əlamətdar hadisədir, çünki Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmlidir. Müzəffər Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini işğaldan azad etdi və iki il sonra eyni gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. İki il əvvələ nəzər salaq; Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edildi, Şuşa Qalasında Azərbaycan Bayrağı qaldırıldı və ondan sonra Ermənistan təslim oldu. Bütün baş verənlər bizim şanlı tariximizdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi və ordumuza tükənməz stimul verirdi. Bu Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.
Yüz illərdir davam edən ölkələrimiz arasında dostluq, qardaşlıq bu gün də cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uğurla davam etdirilir.
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.
Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da iki qardaş dövlətin müştərək fəaliyyət göstərməsinə gözəl nümunədir. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulub. İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilib. Etdikləri vandallıqlar ermənilərin Azərbaycan xalqına qarşı nifrətinin təzagürüdür. Ermənilərin bu vəhşilikləri, dağıntıları törətməkdə əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Nəinki ermənilərin, ermənipərəst qüvvələrin də planları fiaskoya uğradı. Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğuldur. Keçmiş məcburi köçkünlər mərhələ ilə doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin dediyi kimi, keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.