image-adilbackend

Vitse-spiker Adil Əliyev:“Şəhid ailələrinə və qazilərə qayğı göstərilməsi daim diqqət mərkəzindədir”

image-reklam_sirab_01

Milli Məclis sədrinin müavini Adil Əliyev Tərtər rayonunda şəhid ailələrinə evlərin təqdim edilməsində iştirak edib. Bu məqsədlə Tərtər rayonuna gələn vitse-spiker Adil Əliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Sonra onlar Şəhidlər Xiyabanına gələrək vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini yad ediblər. Daha sonra iş adamları tərəfindən Tərtər rayonunda tikilmiş dörd otaqlı fərdi yaşayış evləri Vətən müharibəsində həlak olmuş iki şəhidin ailələrinə təqdim edilib.
Evlərin təqdimi zamanı Milli Məclis sədrinin müavini çıxış edib. O, çıxışında Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərmiş olduğu şücaətə toxunaraq, ərazi bütövlüyümüzün bərpa olunmasında şəhid və qazilərimizin fədakarlıqlarını yüksək qiymətləndirib. Həmçinin Tərtər rayonunun qorxmazlıq simvolu olmasını qeyd edib, xain düşmənin mülki əhalini hədəfə almasına baxmayaraq, xalqımızın Prezidentin başçılığı altında birliyinin tariximizin ən parlaq Qələbəsini qazandığını vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinə və qazilərə qayğı göstərilməsi daim diqqət mərkəzindədir. Vitse-spiker şəhid ailələrinin qayğıları ilə maraqlanmağın, habelə onları narahat edən məsələlərin yüksək səviyyədə həll edilməsinin hər birimizin vətəndaşlıq və vəzifə borcu olduğunu söyləyib. Bu istiqamətdə həyata keçirilən nəcib təşəbbüslərə dəstək olan “Çarbağ” MMC-nin direktoru Anar Həsənova minnətdarlığını bildirən vitse-spiker, qədirbilən xalqımızın öz qəhrəmanlarına yüksək dəyər verməsindən qürur hissi ilə danışıb.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi zamanı Ermənistanın Tərtər rayonunu hədəf almasına baxmayaraq, rayon sakinlərinin göstərdiyi əzmdən söz açıb, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində şanlı ordumuzun döyüş meydanında düşmən üzərində qazandığı tarixi Qələbədən bəhs edərək, şəhidlərimizə Allahdan rəhmət qazilərimizə şəfa diləyib.
Sonra yeni tikilmiş dörd otaqlı fərdi yaşayış evi Tərtər rayonu Qaradağlı kəndindən olan şəhid Aslan Hüseynovun ailə üzvlərinə təhvil verilib. Qeyd edək ki, Vətən müharibəsində Aslan Hüseynov Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Digər dörd otaqlı mənzil Yenikənd kəndindən olan şəhid Azər Qasımovun ailəsinə təqdim edilib. Qeyd edək ki, şəhid Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda,” “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Mərasimdə iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirərək, təşəkkür etmişlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki