image-5backend

Xarici bazarlarda müşahidə olunan inflyasiya Azərbaycana da təsir edir (ARAŞDIRMA)

image-reklam_sirab_01
Xaricdən idxal olunan bir çox kərə yağlarının qiymətində bahalaşma var. Xüsusən də, Yeni Zelandiya yağı olan “WestGold”un, “Delta Group CO” MMC tərəfindən Azərbaycan bazarına çıxarılan “Anchor” və “Doyaruşka”nın (Доярушка), həmçinin Almaniya istehsalı olan “Gerda”nın qiymətlərində. Bahalaşma, təxminən, 10 faiz təşkil edib. Misal üçün, əgər adları qeyd edilən yağların bir kiloqramı paytaxt Bakıdakı müxtəlif supermarket şəbəkələrində əvvəl 16 manat 20 qəpiyə satılırdısa, hazırda qiymət 18 manata yaxındır.
Veteninfo.az xəbər verir ki, mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

 

Maraqlıdır, bu bahalaşma nə ilə əlaqədardır? Bunun iqtisadi əsası varmı, yoxsa süni bahalaşmadır? Qiymət artımında istehsalçı və dilerlərin rolu varmı? Bu suallarla bağlı aidiyyəti dövlət qurumunun, dilerin və ekspertin rəylərini öyrənməyə çalışdıq. Təəssüflə qeyd etməliyik ki, 2 həftə ərzində nə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən, nə də dilerliklə məşğul olan “Delta Group CO” MMC-dən hər hansı məlumat əldə edə bildik. Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələrə məsul şəxsi sorğumuzun cavablandırılmasını bacardığı qədər uzatdı, sabah-sabaha saldı. Dilerlik edən şirkət də eyni qaydada davrandı. Telefon əlaqəsi saxlayıb mövqe öyrənmək istədiyimiz zaman elektron qaydada yazılı müraciət etməyimizi istədilər. Elektron müraciətimizi isə ümumiyyətlə, cavablandırmadılar. Nəticə etibarilə, həm Dövlət Xidməti, həm də diler məsələyə aydınlıq gətirməkdən imtina etdi.
Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, qiymətlərin bahalaşmasına əsas səbəb xarici bazarlarda müşahidə olunan inflyasiyadır. Onun sözlərinə görə, bu inflyasiyanın təsiri Azərbaycan bazarında da özünü büruzə verir:
“Digər mühüm səbəb xarici ölkələrdə istehsal olunan kərə yağlarının daxili bazarın tələbatını tam ödəməməsidir. İstehsalın kifayət qədər olmaması ixraca öz təsirini göstərir. Bu da qiymət artımına səbəb olur. Bundan başqa, iqtisadi aktivliyin təmin olunması naminə postpandemiya dövründə əlavə pul kütləsinin bazara çıxarılması inflyasiya meyillərini gücləndirir. Postpandemiya dövründə insanların qida məhsullarına böyük tələbatı yaranıb. İstehlak mallarına, xüsusən, qida məhsullarına tələbatın artması qiymətlərin bahalaşmasına öz təsirini göstərir. Bunu beynəlxalq statistika da təsdiq edir”.
İqtisadçı-ekspert deyib ki, bütün dünyada qidalanmaya, qida məhsullarına olan tələbat artıb:
“Bu da qiymət artımına gətirib çıxarıb. Bütün dövrlərdə inflyasiyaya ilk reaksiya verən qida məhsulları arasında kərə yağları, duru yağlar ilk yerdə dayanır. Onların qiyməti dərhal artır. Ölkəmizdə kərə yağlarına olan daxili tələbatla müqayisədə, daxili istehsal da arzuolunan səviyyədə deyil. İstehsal tələbatla qətiyyən uzlaşmır. Bu səbəbdən, xarici bazarlardan asılılıq indiki mənzərəni ortaya qoyur”.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki