image-1a927a1fb44126d4dd0af9d3b36a26e3backend

Xəzər regionu üçün tarixi hadisə: 25 ildən sonra ilk dəfə…

image-reklam_sirab_01

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə təkcə bu 3 dövlət üçün deyil, həm də Avropa Birliyi üçün strateji əhəmiyyət kəsb edən mühüm saziş – “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum imzalandı. Regionda yeni trans-qaz marşrutunun yaradılması üçün baza sənədi və Yol Xəritəsi hesab edilən bu memorandum, Türkmənistan qazının Azərbaycan və Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Azərbaycan və Türkiyə artıq estafeti Avropa İttifaqına ötürüb. Bundan sonrakı mərhələdə Aİ Türkmənistanın təmsil olunduğu yeni qaz memorandumunu imzalamalıdır ki, türkmən qazının Avropaya nəqli beynəlxalq hüquqi status alsın. Artıq strateji müttəfiq olan bu üç ölkə Türkmənistanı TAP-a birləşdirmək üçün İşçi qrupu da təsis edib.

Türkmən qazının Avropa bazarına çıxarılmasını zəruri edən nədir?

Avropanın qaz təchizatında uzun illər hökmran olmuş Rusiyanın mövqeyi zəifləməkdədir və Aİ qaz asılılığını təmin etmək üçün alternativ marşrutlar axtarışındadır. BP-nin məlumatına görə, 2021-ci ildə Aİ-nin qaz idxalının 42%-ni Rusiya qazı təşkil edib və Aİ Rusiyadan enerji asılılığını azaltmaq üçün ciddi səylər göstərir. Avropa yaxın perspektivdə Rusiyadan qaz tədarükünü əvəzləmək üçün uzunömürlü və etibarlı yeni tranzitlər üzərində işləyir. Həmin potensial təchizatçılar sırasında Azərbaycan və Türkmənistan da var.

Azərbaycan 2020-ci ilin dekabrın son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Transadriatik Qaz Kəmərini (TAP) istifadəyə verməklə, faktiki olaraq Aİ-nin qaz bazarına daxil olub. Ölkəmiz 2021-ci ildə Avropaya 7-8 milyard kubmetr qaz ixrac edib. Proqnozlara əsasən, 2022-2025-ci illərdə ölkəmizin qaz istehsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırıla bilər.

Əslində, bütün bunlara baxmayaraq, Aİ daha çox qaz əldə etmək istəyir və Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verdiyindən, Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini – Türkmənistan və Qazaxıstanı da Cənub Qaz Dəhlizinə qoşmaq niyyətindədir.

Mərkəzi Asiya və Qafqazdan yeni qaz tədarükü mənbələri enerji çatışmazlığı perspektivi ilə üzləşən Avropa üçün indiki halda çox yaxşı kömək olardı.

“Bloomberg”in hesablamalara görə, Xəzərin qaz mənbələri hesabına Avropaya ildə 80-100 milyard kubmetrə yaxın qaz nəql etmək mümkündür.

Xəzərin Avropaya açılan enerji qapısı olan Azərbaycan, Türkmənistan və Qazaxıstanın TAP-a qoşulmasında təşəbbüskarlığı öz üzərinə götürüb. Rəsmi Bakı Aşqabadın Aİ-nin enerji bazarına daxil olmasında bilavasitə iştirakçı kimi fəal rol oynayır. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi marşrutu mövcuddur. Türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq hazırda aktualdır. Bunun üçün isə hüquqi mexanizm və beynəlxalq sazişlər olmalıdır.

Türkmən qazını Avropaya nəql etmək mümkün olacaqmı? Baş verərsə, bunun, öhdəliyi üzərinə götürən ölkələr – Azərbaycan və Türkiyə, qazı Avropa bazarına çıxan Türkmənistan və türkmən qazının alıcısı olan Aİ üçün əhəmiyyəti nədir?

Dənizin dibi və ya üstü ilə, yoxsa dənizdən yan keçməklə?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban  bildirib ki, Avropa İttifaqının hökumət səviyyəsində hansısa sənədi imzalaması bu məsələnin həll olunması anlamına gəlmir:

“Çünki hökumətlər biznesə müdaxilə etmirlər. Yəni hökumət kiminsə qazını hansısa hökumətdən almır. Bunu özəl şirkətlər edir və bu da mürəkkəb məsələdir”.

Ekspert türkmən qazının Qərb bazarlarına çıxarılması məsələsinin 1997-ci ildə ilk dəfə gündəmə gəldiyini xatırladıb.

“25 il əvvəl BOTAŞ və “Türkmənqaz” arasında ildə 30 milyard kubmetr təbii qazın alqı-satqısına dair kommersiya müqavilələri imzalanmışdı. Türkiyənin dövlət şirkəti ölkədə 10 milyard, Avropada isə daha 20 milyard kubmetr satmağı planlaşdırırdı. Məhz o zaman Transxəzər qaz kəməri ideyası yaranmışdı25 ildən çox vaxt keçib, amma hələ də bunu reallaşdırmaq mümkün olmayıb. Biz burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına diqqət yetirməliyik. Dekabrın 14-də Avazada imzalanan üçtərəfli sazişdən sonra Ərdoğanın açıqlamaları prosesi necə gördüklərini göstərdi.

İlk olaraq bunun mexanizmi hazırlanmalıdır. Hansı yollar var: dənizin dibi ilə, dənizin üstü ilə, dənizdən yan keçməklə və s. Ortaq məxrəcə gəlinməlidirş. Ərdoğan bildirdi ki, türkmən qazının Avropa bazarına çıxarılması zamanı yetişib. Bunun reallaşması üçün Azərbaycan və Türkmənistan hökumətləri maliyyə risklərini bölüşməyə hazır olmalıdırlar. Əgər belə olarsa, Türkiyə də öz dəstəyini verər və Avropa İttifaqı iştirak edərsə, risk dərəcələri daha da azalmış olar. Bu, ümumi konturları göstərir”, – İ.Şaban deyib.

Qeyd: Türkiyə lideri həmkarları ilə yeni qaz kəmərinin çəkilməsinin zəruriliyini müzakirə edəcəklərini və dialoqun nəticələrinə əsasən yeni addımlar atacaqlarını vurğulayıb: “Biz məsələni Avazada prezidentlər səviyyəsində müzakirə etdik. İndi növbə texniki bazanın, maliyyə çərçivəsinin müzakirələridir ki, bu da gələcəkdə yeni addımlar atmağa imkan verəcək”.

Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

Türkmən qazı olmasa belə…

Ekspert hesab edir ki, Azərbaycanın Türkmənistan səviyyəsində olmasa da, ancaq Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün özünün xeyli resursu var. Yəni türkmən qazı olmasa belə, ölkəmiz yenə də Qərbə qaz ixrac edəcək.

“Biz resursla bağlı problem yaşamırıq. “Türkmən qazı və ya başqa bir ölkənin qazı olmasa, biz bazara nə çıxaracağıq?” – sualı ilə də qarşı-qarşıya deyilik. Açılmış və istismarda olan yataqların genişləndirilməsi məsələsi var, eyni zamanda, açılmış, ancaq istismarı bir müddət sonra reallaşan yataqlarımız da mövcuddur. Bizim üçün prioritet ondan ibarətdir ki, azalan neft hasilatımıza müvafiq olaraq gəlirlər də azalacaq. Lakin bunu qazla əvəzləyə bilərik. Bu, hazırda bizim üçün prioritetdir. Hansı ki, hökumətin uzunmüddətli strategiyasına da uyğundur. Buna görə də biz bu gün neftdən qaza transfer edirik”.

“Azərbaycana olan münasibət dəyişəcək”

İ.Şaban vurğulayıb ki, biz təkcə öz resurslarımızı maddiyyat kimi başa düşmürük, ağıllı ölkələr də belə siyasət yürüdür. Onun sözlərinə görə, ölkənin sərvəti təkcə enerji təhlükəsizliyi deyil, həm də milli təhlükəsizlik məsələlərində öz dəstəyini göstərməlidir:

“Milli təhlükəsizliyə dəstək göstərən layihə də odur ki, sən daha böyük ölkələrin və birliklərin diqqətində olursan və onların tərəfdaşına çevrilirsən. Azərbaycan hazırda Xəzərin digər tərəfində – istər Qazaxıstan, istər Türkmənistan üçün etibarlı tərəfdaşdır. Hətta sanksiyalardan öncə Rusiyanın belə neftini Bakı-Tbilisi-Ceyhan vasitəsilə xarici bazarlara çıxara bilirdik. İnfrastrukturumuz hesabına Azərbaycanla xoş münasibəti olan ölkələri ətrafımızda cəmləşdirmişik. Bunun vasitəsilə Azərbaycan Şərqlə Qərb arasında istər dəmir yolu, istərsə də neft və qaz kəməri vasitəsilə ayrılmaz bir halqaya çevriləcək”.

Ekspert söyləyib ki, ölkəmizin təmasları, ticarət, siyasi və iqtisadi əlaqələri həm Şərqlə, həm də Qərblə kifayət qədər genişlənir. Əgər genişlənirsə, o zaman Azərbaycana baxışlar və münasibətlər də müsbət mənada dəyişəcək:

“Hansı ki, rəsmi Bakının siyasəti də ona yönəlib. Bu, 30 yaşı olan müstəqil Azərbaycana tamamilə daha yaxşı müstəvidə estafeti qəbul edib, növbəti mərhələdə inkişaf etdirmək imkanı qazandırır. İnsanlar, “türkmən qazı ölkəmizdən keçəcək və ondan 100 milyon dollar tranzit haqqı alacağıq” – gözü ilə prosesə baxırlar. Buna geniş səpkidə baxmaq lazımdır”.

Türkmən qazının Azərbaycan vasitəsilə Avropa bazarına çıxarılması beynəlxalq miqyasda da müsbət qarşılanır. Türkiyə hökuməti, xarici mütəxəssislər üçtərəfli görüşdən sonra Transxəzər layihəsi barədə nikbin proqnoz verirlər.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Transxəzər layihəsinin reallaşması Azərbaycan və Türkiyənin regional qovşaq statusunun güclənməsinə öz töhfəsini verəcək. Onun sözlərinə görə, türkmən təbii qazının Qərb bazarlarına tədarükü ilə bağlı işlərə başlamağın vaxtıdır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirir ki, Türkmənistan təbii qazı məsələsində üç ölkənin xeyrinə olacaq şəkildə ortaq addımlar atmağa hazırdırlar və bununla bağlı İşçi qrupu yaratmaq qərarı verilib: “Bu gün enerji sahəsində əməkdaşlığa dair imzaladığımız anlaşma memorandumu da lazımi çərçivəni yaradır”.

Rusiyanın Mərkəzi Asiya üzrə eksperti Andrey Kazantsev “Kommersant” qəzetinə bildirib ki, layihənin həyata keçirilməsində heç bir “texniki və iqtisadi maneə” yoxdur. Onun sözlərinə görə, hazırda Avropada Rusiyadan olmayan qaza tələbat böyükdür.

ABŞ da türkmən qazının Azərbaycana tədarükünü dəstəkləməyin mümkün yollarını araşdırır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib ki, Azərbaycan regionda enerji təchizatının şaxələndirilməsində və təhlükəsizliyində mühüm rol oynayır: “ABŞ Cənub Qaz Dəhlizini qəti şəkildə dəstəkləyir. Cənub Qaz Dəhlizi Avropaya enerji idxalının marşrutlarının və mənbələrinin şaxələndirilməsinə töhfə verir ki, bu da hazırda ABŞ-ın siyasətinin prioritetidir. ABŞ qeyri-Rusiya təbii qazının əlçatanlığını artırmaq üçün Türkmənistan qazının Azərbaycana çatdırılmasını dəstəkləməyin yollarını araşdırır”.

Aralıq Dənizi Enerji Şirkətləri İttifaqının Neft və Qaz Departamentinin direktoru Sohbet Karbuzun sözlərinə görə, təbii qazın Xəzər vasitəsilə nəqlinə başlanması Avropanın enerji vəziyyətinə müsbət təsir göstərəcək: “Avropa ölkələri bu təşəbbüsü mütləq dəstəkləməlidir. Cənub Qaz Dəhlizi Aİ-nin enerji siyasəti üçün prioritetdir”.Publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki