Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir.
Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Xocalı facəsinin otuz birinci ildönümünə həsr olunmuş “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” adlı tədbir keçirilib.
Tədbirdə RİH Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Hənifəyeva qonaqları salamlamış və tədbirin əhəmiyyətindən danışıb.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur.
Eyni zamanda qeyd olundu ki, Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilib. Vətən müharibəsində torpaqlarımız otuz illik işğaldan azad olundu, ölkəmiz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq.
Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompazisiya və şerlər nümayiş olunmuş, Xocalı soyqrımına aid videoçarx göstərilib.
Tədbirin sonunda Xocalı sakinlərinə ərzaq bağlamaları verilib.