Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi irimiqyaslı bərpa quruculuq işləri Xorvatiyanın nüfuzlu mətbuat orqanları tərəfindən də maraqla qarşılanıb. “Nəqliyyat, kənd təsərrüfatı və ağıllı şəhərlər sahəsində sürətli inkişaf” adlı məqalə https://www.poslovni.hr portalının həm çap, həm də elektron versiyasında dərc olunub. (https://www.poslovni.hr/svijet/snazan-zamah-razvoja-u-podrucjima-transporta-poljoprivrede-i-pametnih-gradova-4314095?fbclid=IwAR0_nxQDgUJgZRYiM_r0w42Q3GLMZhiHZFwTldQyA3b7suPMgb7oVIW26hM) Məqalədə qeyd olunur ki, beynəlxalq miqyasda baş verən siyasi və iqtisadi kataklizmlərə rəğmən Azərbaycan tutduğu inkişaf yolu ilə gedir. Əsas diqqət işğaldan azad olunmuş ərazilərdə şəhərlərin, kənd təsərrüfatının, eyni zamanda nəqliyyat və turizmin konsolidasiyasına yönəlib. Bildirilir ki, Qarabağ bölgəsində ilk beynəlxalq statuslu Füzuli Hava Limanı cəmi 8 aya inşa olunaraq istifadəyə verilib: “Bu, Azərbaycanın Qarabağ bölgəsində tikdiyi ilk hava limanıdır və dünyada Qarabağın giriş qapısı kimi fəaliyyət göstərəcək. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bu hava limanını beynəlxalq hava limanları siyahısına daxil edib. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir və terminal bir saat ərzində 200 sərnişini qəbul etmək qabiliyyətinə malikdir. Bundan əlavə, hava limanında beynəlxalq mülki aviasiya, daşıma standartlarına uyğun avtomatlaşdırılmış sistemlər və idarəetmə qülləsi var. Beynəlxalq Füzuli Hava Limanına enən ilk xarici dövlət başçısı isə Türkiyə Prezidenti olub və Qarabağ qapılarının bölgədə turizm və ticarətin inkişafına təkan verəcəyi proqnozlaşdırılır.”
Məqalədə, həmçinin yeni inşa olunan Zəfər yolu barədə də məlumat yer alıb. Bildirilir ki, Azərbaycanda ağıllı mühit və infrastrukturun müəyyənləşdirilməsində addımlar atılmaqdadır. Beynəlxalq standartlara cavab verən nəqliyyat və digər zəruri infrastrukturun qurulması yerli əhalinin rifahını yaxşılaşdırmaqla yanaşı, xarici investorların marağını da artırır: “İnvestorlar Zəngilan rayonunun Ağalı kəndinin yaxınlığında aqropark layihəsinə başlayıblar. Ağıllı kənd təsərrüfatı innovativ texnologiyalar, bərpa olunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmləri əsasında fəaliyyət göstərəcək. Park tam gücü ilə işlədikdən sonra 500-ə yaxın insan işlə təmin olunacaq.
Bundan əlavə, hazırda bir sıra şəhərlərin baş planının hazırlanması istiqamətində işlər aparılır. O cümlədən Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin baş planları artıq Azərbaycan ictimaiyyətinə təqdim olunub. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər şəhərlərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında da sərəncamlar imzalayıb. Bu baş planların hazırlanmasında nəzərə alınan əsas məsələ bütün abadlaşdırılan şəhər və qəsəbələrin yeni memarlıq görkəminin yaradılmasıdır. Hər bir şəhər və kənd özünəməxsusluğu, tarixi ənənələri ilə fərqlənməlidir. Üstəlik, bu prosesdə müasir təcrübədə istifadə olunan yanaşmalar tətbiq edilməkdədir”.
Məqalədə vurğulanır ki, şəhərsalma ilə yanaşı, ağıllı kəndlərin də inkişafı əsas prioritetdir. İntellektual texnologiyaların tətbiqi Xorvatiya şirkətləri üçün maraqlı ola bilər: “Şəhərlər kimi kəndlər də “İntellektual texnologiyalar” layihəsinə əsasən yenidən qurulur. Bərpa prosesi mənzil, sənaye və sosial xidmətlər, “ağıllı kənd iqtisadiyyatı” və alternativ enerji sahələri üzrə aparılır. Bu, kifayət qədər zəngin təcrübəyə malik olan Xorvatiya şirkətləri üçün dağılmış ərazilərin bərpasına sərmayə qoymaq üçün yaxşı fürsətdir”.